Prezident İlham Əliyev: “Qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, həm də bölgədə yeni əməkdaşlıq formatı yaradırıq”

 

 

 

“Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaq.”

Bu fikirləri  president İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

“Hesab edirəm ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı”, - deyə o vurğulayıb.

2018-03-29 / 15:04
Facebook