• flag
  • Almaniya ilə Cənub Qaz Dəhlizinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsi üçün zəmanət müqavilələrinin imzalanması proseduruna başlanılacaq

     

    Almaniya tərəfi ilə “Cənub Qaz Dəhlizi” layihəsinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsi üçün zəmanət müqavilələrinin imzalanması üçün dövlətdaxili prosedurlara başlanılacaq.

    Bu barədə “Cənub Qaz Dəhlizi” (CQD) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.

    Qeyd edilib ki, məlum olduğu kimi “Cənub Qaz Dəhlizi” layihələrinin maliyyələşdirilməsinin başa çatdırılması üçün beynəlxalq maliyyə institutları ilə danışıqlar davam etdirilir. Belə ki, “Cənub Qaz Dəhlizi” layihəsinin hissələri olan “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi (“Şahdəniz-2”) və Trans-Anadolu boru kəməri (TANAP) layihələrində Azərbaycan tərəfinin öhdəliklərinin maliyyələşdirilməsi üçün Almaniya Federativ Respublikası tərəfindən 1,5 milyard ABŞ dollarınadək məbləğində kreditin cəlb edilməsi üçün zəmanətin verilməsinə (UFK) ilkin mərhələ olaraq, bu yaxınlarda Nazirliklərarası İclasda (Interministerial Committee) razılıq verilib. Növbəti mərhələ olaraq zəmanətin verilməsi məsələsi Federal Məclisin Büdcə Komitəsinə çıxarılıb müzakirə edildikdən sonra, zəmanətin verilməsinin təsdiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniya Federativ Respublikası adından çıxış edən “Hermes” şirkəti və aidiyyəti banklarla kreditin şərtləri ilə bağlı müvafiq danışıqlara başlayıb. Danışıqların nəticəsindən asılı olaraq, kreditin götürülməsinə qərar verildikdən sonra müvafiq kredit və zəmanət müqavilələrinin imzalanması üçün dövlətdaxili prosedurlara başlanılacaq. Kreditin yekun şərtləri (məbləğ, müddət, geri ödəmə qrafiki, və sair) tam razılıq əldə olunduqdan sonra müəyyənləşdiriləcək.

    “Hazırkı zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir. Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın “E.ON” şirkəti ilə Azərbaycan təbii qazının nəqli ilə əlaqədar uzunmüddətli qaz satışı müqavilələri imzalanıb. Müqavilə şərtlərinə əsasən “E.ON” (hazırda “Uniper”) şirkəti 2020-2044 illərdə “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycandan hər il 1,45 milyard kubmetr təbii qaz idxal edəcək”, - deyə məlumatda bildirilib.

    Qeyd edilib ki, borcalan qismində çıxış edən və səhmlərinin 100 faizi birbaşa və dolayısı ilə Azərbaycan Respublikasına məxsus olan “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrdən çox olan və Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən “Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycan Respublikasının maraqlarını təmsil edən şirkətdir.

    2018-03-07 / 12:49
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $