• flag
  • Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edilib

     

    Avropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

    Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı Qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

    Xocalı faciəsi ilə bağlı bəyanat, ümumilikdə, Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.

    Bəyanatda deyilir: "1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Azərbaycan xalqı Xocalı şəhərinin günahsız və mülki əhalisinə qarşı törədilmiş amansız cinayətlə üzləşmişdir. Nəticədə 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan həyatını itirmiş, yüzlərlə insan ağır yaralanmış və 1275 nəfər əsir götürülüb.

    Biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 26 il əvvəl törədilmiş Xocalı qətliamının günahsız qurbanlarını dərin hüznlə yad edir və onların ailələrinə baş sağlığı diləyirik. Biz Xocalı faciəsində həyatlarını itirən günahsız şəxslərinin ailə üzvlərinin dərdlərinə şərik olduğumuzu ifadə edirik.

    Bununla, biz Xocalıda həyatını itirən şəxsləri şərəflə yad etmək və bu cür insanlıq əleyhinə cinayətlərin bundan sonra dünyanın heç bir yerində bir daha baş verməməsi üçün Xocalı şəhərində həyata keçirilən dəhşətli cinayətləri xatırlamağı vacib hesab edirik:

    Andrey Mamikins (Latviya), Norika Nikolai (Rumıniya), İveta Grigule-Peterse (Latviya), Ramona Manesku (Rumıniya), Xavier Nart (İspaniya), Tomaş Zdeçovski (Çexiya), Hannu Takkula (Finlandiya), İvo Vayql (Sloveniya), Angelo Çiokka (İtaliya), Lorenzo Fontana (İtaliya), Mark Tarabella (Belçika), Kristian Buşoi (Rumıniya), Alberto Çirio (İtaliya), Boris Zala (Slovakiya), Aldo Patriçiello (İtaliya), Yana Toon (Estoniya), İlhan Küçük (Bolqarıstan), Franz Obermayr (Avstriya), Valentinas Mazuronis (Litva), Heydi Hautala (Finlandiya), Angel Cambazski (Bolqarıstan) və Salvo Poglieze (İtaliya)".

    2018-02-26 / 10:16
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $