Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətə başlamasından 5 il ötür

 

Yanvarın 15-də “ASAN xidmət”in fəaliyyətə başlamasından 5 il ötür.

Ötən müddət ərzində vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir.

Fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. İlk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə olduğu üçün 1 nömrəli “ASAN xidmət” mərkəzinin xidmətlərindən ilkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlanıblar.

Hazırda 12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Qubadadır. Gələcəkdə isə Mingəçevir, Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabadda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulub.

“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Bu gün “ASAN xidmət” mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı ilə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-dən çox müxtəlif xidmətlər göstərilir.

“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər.

Xidmətlərin göstərilməsinə görə rüsumlar banklar vasitəsilə ödənilir ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın təminində önəmli pay sahibidir. Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar və tranzaksiyalar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr və korrupsiya halları tam aradan qaldırılır.

2018-01-15 / 11:57
Facebook