• flag
  • “SOCAR Energy Holdings” Avstriyanın “A1” yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb

     

    SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb.

    Şirkətdən  bildirilib ki, “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.

    Son dövrdə SOCAR İsveçrədə orta miqyaslı şirkətlərlə diler və təchizat əlaqələrinin genişləndirilməsi, ortaq kart sisteminin işlədilməsi və sair kimi müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirməkdədir. İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış aailə biznesi olan “A1” şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olub.

    Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik “A1” şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. “A1”lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkətini əldə edib. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarəedilməsi məqsədilə “SOCAR Energy Austria” MMC təsis edilib. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin əməkdaşları işlərində saxlanılacaq və “SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. “A1” brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.

    “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyətinin rəhbəri Edqar Baxmann yeni layihədən məmnunluğunu belə ifadə edib: “A1” şəbəkəsinin alışı Avstriyada SOCAR qarşısında yeni üfüqlər açır, yeni kommersiya imkanları yaradır və bir aparıcı enerji şirkəti kimi onun bu ölkədə mövqeyini möhkəmləndirir.”

    “A1” YDM şəbəkəsinin və “Pronto Oil Mineralölhandels GmbH” firmasının keçmiş sahibi Qerhard Annavitt belə deyib: “Həm “A1”, həm də “Pronto Oil” şirkətlərinin işini uğurla davam etdirmək üçün SOCAR ən uyğun namizəddir. Şirkətimi sataraq onu yüksək keyfiyyətli xidmət təklif edən qabaqcıl və innovativ bir şirkətə təqdim edirəm. Fikrimcə SOCAR bu şirkətləri mənim də arzu etdiyim səmərəli tərzdə davamlı idarə edəcək.”

    Qeyd edək ki, SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olmuşdur. Bu gün İsveçrədəki istehlakçıların 63 faizdən artıq hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək, 15 dilerlə tərəfdaşlıq əlaqələri qurmuşdur və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir.

    İsveçrə ilə qonşu və eyni mədəniyyətin daşıyıcısı olan Avstriya SOCAR üçün strateji bazardır. “A1” şəbəkəsi Avstriyanın bir çox bölgələrində yüksək dəyərə sahib YDM brendi kimi tanınır.

    2017-12-19 / 15:26
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 2.0981