Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin ediləcək

 

Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin olunacaq.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Yasamal rayonu ərazisində ucaldılır. Kompleksin ümumi sahəsi 11,6 hektar təşkil edir və ərazisində 29 çoxmənzilli binanın inşası nəzərdə tutulur. Binaların tikintisi yekunlaşdıqdan sonra 1843 ailənin mənzillə təmin edilməsi gözlənilir.

D.Dadaşova vurğulayıb ki, kompleksdə, həmçinin 960 yerlik ümumtəhsil məktəbi, o cümlədən 240 yerlik uşaq bağçası və 3 mərtəbəli ticarət mərkəzi də istifadəyə veriləcək. Bununla yanaşı, şəhərcikdə yaşayacaq sakinlərin rahat yaşayışını təmin etmək məqsədilə bütün zəruri infrastruktur yaradılacaq, sosial və ictimai obyektlər inşa olunacaq.

Diqqətə çatdırılıb ki, Yasamal Yaşayış Kompleksində ilk 9 mərtəbəli yaşayış kompleksinin təməli ötən ilin dekabrın 24-də qoyulub. İlk binanın isə gələn ilin yay aylarında təhvil verilməsi nəzərdə tutulub.

2017-11-30 / 15:37
Facebook