Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi tamhüquqlu regional əməkdaşlığa maneə yaradır

15058956654411362545_1000x669

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində sentyabrın 19-da Nyu-Yorkda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclası keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda çıxış edən nazir bildirib ki, qlobal iqtisadiyyat əmtəə qiymətləri tendensiyalarında əsaslı qeyri-müəyyənliklərlə xarakterizə olunan yeni dövrə keçid etdiyi üçün uzunmüddətli milli inkişaf planlaşdırması həm təchizatçılar, həm də alıcılar üçün çətinləşir. Bu qeyri-stabillik eləcə də maliyyə mənbələrinin mövcudluğuna təsir edir və bu mənbələr iqtisadiyyatımızın məqsədlərinə xidmət etmək üçün mərkəzləşdirilməlidir.

E.Məmmədyarov deyib: “Bu qlobal tendensiyalar bizim qarşılıqlı əlaqələrimizi əhəmiyyətli dərəcədə artırır və bizim regional əməkdaşlığımız daha çox əhəmiyyət kəsb etməyə başlayır. Biz qəbul etməliyik ki, regionun potensialını üzə çıxarmaq üçün çox işlər görülməlidir. Bizim qlobal ÜDM-də, ticarət və ixracatda payımız regionun potensialından xeyli aşağıdır”.

Bildirilib ki, ötən onilliklər ərzində Azərbaycan İƏT-in aktiv üzvlərindən olub. İki sammitə, nazirlərin toplantıları kimi müxtəlif səviyyəli tədbirlərə ev sahibliyi etməklə təşkilatın dəstəkçisi olub. Həmçinin Azərbaycan vacib layihələrin təşəbbüskarı və iştirakçısıdır.

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, ticarət potensialı nəqliyyat və uzlaşdırma məsələləri ilə sıx bağlıdır. Regionun istehsalçı, bazar və tranzit dəhlizi kimi rəqabətliliyinin artırılması üçün regional infrastrukturun inkişafı düzgün şəkildə həyata keçirilməlidir.

Avropa və Asiya arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan həmişə fəal iştirakçı və regional, transregional uzlaşdırma layihələrinin mühüm təşəbbüskarı olub. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşviq edilməsi üçün bir sıra əsas layihələrin həyata keçirilməsinə cəlb olunub.

Diqqətə çatdırılıb ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi Şərq və Qərb arasında aralıqsız dəmiryolu keçidini təmin edərək regional ticarəti asanlaşdıracaq. Bu layihənin açılış mərasiminin keçirilməsi 2017-ci il oktyabrın 28-nə planlaşdırılır və yaxın vaxtlarda dəmiryolunun tam istismara verilməsi gözlənilir.

Biz Çindən Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Avropaya istiqamətlənmiş ilk konteyner qatarını 2016-cı ildə yola saldıq. Bu sınaq qatarı marşrutun tranzit dövrünün 30-35 gündən 15 günə kimi azalda biləcəyini sübut etdi. Azərbaycan, həmçinin il ərzində 25 milyon ton yükaşırma potensialına malik, Xəzər Dənizi hövzəsində ən böyük və çoxməqsədli liman olacaq Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt) inşasına başlayıb. Ələt limanının Avropa, Rusiya və İrana istiqamətlənmiş dəmiryolu kəsişmələrində və Bakı hava limanına yaxınlıqda yerləşməsi ona digər Xəzər Dənizi limanlarına səmərəli dəmiryolu və regional sahil zonası və sərhəddən uzaq rayonlara maneəsiz keçid imkanı verir.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan, həmçinin malların Şimali Avropa və Rusiyadan İran Körfəzi, Hindistan və digər ölkələrə nəqlini təmin edəcək Şimal Cənub Beynəlxalq dəhlizinin aktiv təşəbbüskarlarındandır. Qəzvin-Rəşt-Astara (İran) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsində (164 km) tikinti işləri artıq başa çatıb. Astara (Azərbaycan) dəmir yolu xəttinin Astara-Astara hissəsində (İran sərhədinə qədər olan hissədə) və Astara çayı üzərində dəmir yolu körpüsündə də tamamlanma işləri aparılıb. Yalnız çatışmayan hissə - Rəşt-Astara hissəsinin inşası başa çatmaq üzrədir. Layihə müvəffəqiyyətlə istismara verildikdən sonra Azərbaycan, Rusiya və İran dəmiryollarını birləşdirməklə regional əməkdaşlığa mühüm töhfə verəcək.

“Bizim ölkələrimizin əksəriyyəti üçün turizm demək olar ki, istifadə edilməmiş resursları özündə əks etdirir. Bizim region bir çox sivilizasiyaların beşiyidir və əsrlər boyu dünyanın mədəni və elmi fəaliyyətində mərkəzi rol oynamışdır. Biz regionumuzda turizmi ticarət predmeti halına gətirməli və cəlbedici və istifadəyə yararlı məhsul kimi həm öz xalqımız, həm də dünyaya təqdim etməliyik. Son görüşümüzdən etibarən Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb”,- deyə nazir vurğulayıb.

Qeyd edib ki, regional enerji əməkdaşlığı məsələsi artıq İƏT regionunda ön plana çıxıb. Bu sahədə indiyədək İƏT Regional Elektrik Bazarının yaradılması kimi, bir sıra müsbət nailiyyətlər əldə edilib.

Davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi vasitəsilə Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi tanıdıb, Asiya və Avropa arasında mühüm körpüyə çevrilib. Bu gün Azərbaycan Avropada ən böyük infrastruktur və enerji layihələrindən biri olan Cənubi Qaz Dəhlizi (CQD) və onun Xəzər hövzəsindən Avropaya karbohidrogen nəqlini nəzərdə tutan digər iki əsas hissəsinin - Trans-Anadolu (TANAP) və Trans-Adriatik boru kəmərlərinin (TAP) təşəbbüskarıdır. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin şaxələndirilməsini, eyni zamanda, regionda və kənarda nəqliyyat və enerji təchizatının təhlükəsizliyini artıracaq.

Nazir bildirib ki, Azərbaycan İƏT-in gələcək inkişafı naminə fəaliyyətin təkmilləşdirilməsinə imkan yarada biləcək islahat prosesini birgə səylərlə dəstəkləyir. Yeni “İƏT-2025” fəaliyyət proqramı bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahat prosesi İƏT daxilində fəaliyyətlərin və mövcud qurumların səmərəliliyini artıracaq.

Təhlükəsizlik və sabitliyin qorunub saxlanılması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir. Təəssüf ki, son görüşümüzdən etibarən regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləyib, yeni münaqişə ocaqları meydana gəlib və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb.

“Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır. Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır.

Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qanunsuz rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək”,-deyə Elmar Məmmədyarov vurğulayıb.

2017-09-20 / 12:25
Facebook