Etibar Nəcəfov: Azərbaycanın multikulturalizm siyasəti ölkədəki milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin həllində mühüm rol oynayır

15057378785690662447_1000x669

Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun insan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunan yekun iclası öz işinə başlayıb.

Tədbirin sentyabrın 18-də keçirilən 10-cu sessiyası milli azlıqlar məsələsinə həsr olunub. Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov çıxış edərək ölkədəki millətlərarası münasibətlər haqqında tədbir iştirakçılarına məlumat verib. O, ölkədə yaşayan milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin Azərbaycan Respublikasının multikulturalizm siyasəti çərçivəsində yüksək səviyyədə həll olunduğunu qeyd edib. Etibar Nəcəfov əsrlər boyu Azərbaycanın tolerant bir ölkə olduğunu qeyd edərək burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü vurğulayıb.

Etibar Nəcəfov konkret faktlara əsaslanaraq Azərbaycanda milli azlıqların mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi, onların dillərində qəzet və jurnalların dərc olunması, radio verilişlərinin aparılması, məktəblərin fəaliyyət göstərməsi, həmçinin milli azlıqların sosial-iqtisadi və mədəni məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, tədbir sentyabrın 22-dək davam edəcək.

2017-09-18 / 16:37
Facebook