• flag
  • Azərbaycan qərəzli medianın hədəfində

     

     

    Azərbaycan qlobal, regional və regiondan kənar qüvvələrin böyük diqqət mərkəzindədir. Burada ikitərəfli və çoxtərəfli müstəvidə maraqlar cəmləşmişdir.  Azərbaycan Avrasiyaya həm ticari, həm də strateji yol deməkdir. Ölkəmiz beynəlxalq arenada uğurlar qazanmış, sürətli iqtisadi-siyasi inkişafı ilə dünyanın diqqətini  cəlb etməyi bacarmışdır. Bu gün qlobal və regional səviyyədə geosiyasi gücə çevrilməyə çalışan hər hansı bir dövlət Xəzər regionunda və regionun qabaqcıl ölkəsi olan Azərbaycanda öz fəaliyyətini artırmağı prioritet məsələ hesab edir.  Dövlətimizə qarşı olan maraq birtərəfli deyildir. Məlumdur ki, bir dövlətin uğurları digər dövlətləri heç də həmişə yaxşı mənada “maraqlandırmır”. Hər bir uğur öz arxasınca müəyyən çaxnaşmalar gətirir. Çünki dövlətin uğuru bununla barışa bilməyənlərin uğursuzluğudur. Qələbəyə mane olmağa çalışan qüvvələr daha da aktivləşir, istər daxili, istərsə də xarici “təbliğat aparatı” (N.M) işə qoşulur. Azərbaycan haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar bu cəhdlərin bariz nümunələridir.

     

    Azərbaycana qarşı məkrli siyasət ...

     

    2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı məqalə, daha sonra “Guardian” qəzetində də bununla bağlı yayımlanan məqalə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən xarici ermənipərəst qüvvələrin fəaliyyətidir. Bu gün dünyada erməni lobbisi deyilən və faktiki olaraq Qərbə xüsusi təsiri olan bir quldur dəstə mövcuddur. Xüsusilə də lobbinin demokratiya, bərabərlik, ədalət çağırışında olan Avropada kök atması bu qərəzli mövqeyin izahına aydınlıq gətirir. Elə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan materialın əsas müəlliflərindən birinin milliyyətcə erməni, “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən də birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bunu bir daha sübut edir. Qeyd edək ki, l Avropa Oyunları dövründə Azərbaycanı hədəfə götürən KİV-ləri arasında "The Guardian" nəşri qabarıq şəkildə seçilmişdi. 2015-ci ilin may-iyun ayları ərzində Azərbaycan haqqında 40 tənqidi məqalə verən qəzet, onların 23-nü 4 gün ərzində dərc edərək xüsusi “canfəşanlığa” imza atmışdı. Təəssüf ki, insan bərabərliyindən, hər cür ayrıseçkiliyin ləğvindən danışan Qərb dünyası xristian amilini öz siyasətindən kənarlaşdıra bilmir və irqçi, islamofob qüvvələrin təsiri altında idarə olunmağa davam edir.

    Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin 5 sentyabr tarixli  bəyanatında bildirildi ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır. Bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı çıxan, beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltılarının dayandığı ifadə olundu. “Məxməri inqilab”ların əsas sponsoru və ilhamvericisi, siyasi, iqtisadi kataklizimlərin başında duran Soros Açıq Cəmiyyət Fondu ilə Azərbaycanda “demokratiya dalğası”nı həyata keçirə bilmədi.  Bu vaxta qədər o, Açıq Cəmiyyət Fondu vasitəsilə müxtəlif ölkələrdə bir çox etirazların, qiyamların maliyyə təminatçısı olmuşdur. Corc Soros xüsusilə islam dövlətlərində hakimiyyət əleyhinə, daxili çaxnaşmaya yönələn hər bir layihəni və fəaliyyəti finansal baxımdan dəstəkləyir. 2011-ci ildə ölkəmizdə fəaliyyətini dayandıran Açıq Cəmiyyət Fondu ölkədəki sabitliyi poza bilməyəcəyinə əmin oldu. Lakin Soros və onun erməni əlaltılarının ölkəmizə və dövlət başçısına qarşı böhtan və qarayaxma kampaniyasını davam etdirmək niyyətindən hələ də əl çəkmədiyi açıq-aşkardır.

     

    Daha bir sifarişli yazı ...

     

    Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ABŞ-ın “Washington Post” nəşri “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı dərc olunan sifarişli redaksiya məqaləsi ilə qərəzli, subyektiv, saxta məlumatlar ünvanı  olduğunu bir daha aydın şəkildə göstərdi. 2013-cü il iyulun 22-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində 156 mənzil jurnalistlərə paylanıldı. 2017-ci il iyulun 20-də isə ikinci - 17 mərtəbəli, üç bloklu, 255 mənzilli bina jurnalistlərə təqdim olundu.  Ev alan jurnalistlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz nümunəsidir. Qeyd edək ki, jurnalistlərə dövlət tərəfindən mənzillərin verilməsi dünya təcrübəsində Azərbaycana xas bir ilkdir. Bu da dövlətlə mətbuat işçiləri arasında olan həmrəyliyin isbatıdır. Dərc olunan məqalə siyasi qarayaxmadan başqa bir şey deyildir və hansısa dairələr tərəfindən sifarişli şəkildə hazırlanmışdır.

     

    Qərbin ikili standartları ...

     

    Faktiki olaraq bu gün Qərbdə "Guardian", "The Washington Post" və bunlar kimi genişmiqyaslı bir çox qəzetlər təsir altındadır və idarəçilərinin istəklərinə uyğun şəkildə olan materialların yayımı ilə məşğuldur. Bütün bunlar Qərbdən istiqamətləndirilən anti-Azərbaycan təşəbbüsünün işartılarıdır. Ölkə başçısının da daim vurğuladığı kimi ikili standartlar bu gün Qərb dünyasının aparıcı siyasətidir. Humanizm carçısı olan Qərb milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki qətiyyətli bir addım atmır, insanlığa sığmayan erməni cinayətləri hələ də cəzasız qalır, amma nə üçünsə Qərbin bəzi dairələri Azərbaycanın ifşası məsələsinə daha çox “diqqət” ayırırlar. Axı Qərb demokratiyanın, söz azadlığının hakimliyi “altındadır”. Milyonlarla azərbaycanlının fəryadı Qərbə maraqlı deyil, lakin Azərbaycanı “demokratiya dalğaları”na təslim etmək, daxili sabitliyi pozmaq daha maraqlıdır. Necə ki hal-hazırda Misirdə, Liviyada, Suriyada, İraqda və s. dövlətlərdə biz bu “demokratiya”nı daha aydın şəkildə görürük ... Azərbaycan öz sülhpərəst, humanist siyasəti ilə istər regional, istərsə də beynəlxalq arenaya müsbət bir nümunədir. Respublikamız yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkədir. Artıq ölkəmiz bir çox dünya dövlətləri üçün nümunə sayılacaq tolerantlıq modelini formalaşdırmış    və nümayiş etdirmişdir. Azərbaycana qarşı qarayaxma kompaniyası apararaq mənfur niyyətlərinə çatacaqlarına ümid edən qüvvələr anlamalıdır ki, qərəzli, əsassız, təxribat xarakterli informasiyalarla Azərbaycan dəfələrlə gündəmə gəlmişdir. Lakin Qərbin demokratiya pərdəsindən məlumatlı olan hakimiyyət bütün bu şayiələrin əsaslı cavabını vermişdir.

     

    Nailə Məmmədova

    Azerbaijan Realities

    2017-09-12 / 14:50
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7008
    EUR 2.0296