• flag
  • Yeni hərraca daha 70 dövlət əmlakı çıxarılıb

    15051133076059316636_1000x669

    Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

    Komitədən bildirilib ki, hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2539 linkindən əldə etmək mümkündür.

    Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.

    Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

    Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Balakən, Şəmkir, İmişli, Göyçay, Samux, həmçinin digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə olan Əmlak Kompleksi, paytaxtın Xəzər rayonunda yerləşən 7 saylı Stomatoloji poliklinika, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

    Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakəndə olan Əmlak Kompleksidir. 715 min manata təklif olunan müəssisənin torpaq sahəsi 38 min kvadratmetrə yaxın, ümumi faydalı sahəsi isə 11 min kvadratmetrdən çoxdur. Bundan başqa Sumqayıtda yerləşən Əmlak Kompleksi 487 min 500 manata, Bakının Xəzər rayonunda olan “Mərdəkan” kafesi isə 300 min manata hərraca çıxarılıb. Bundan əlavə, fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında paytaxtın Sabunçu rayonunda yerləşən 7 saylı kafeni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir.

    Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 7-si paytaxtda, qalanları isə Gəncə şəhəri, Kürdəmir və Ağstafa rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 187 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kvadratmetrə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kvadratmetr ilə 600 kvadratmetr arasında dəyişir.

    Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Gəncə şəhərində yerləşən, sahəsi 210 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 15 min manat təşkil edir. Həmçinin Ağstafada yerləşən sahəsi 125 kvadratmetr, ilkin start qiyməti 10 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

    Müxtəlif növ nəqliyyat vasitələri də hərracda özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin əksəriyyəti kənd təsərrüfatında istifadə edilən traktor və kombaynlardır. Onların buraxılış tarixi 2005-2006-cı illəri əhatə edir. Avtomobillərin ilkin start qiyməti 384 manatla 30 min 230 manat arasında dəyişir.

    Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Zaqatala Fındıq”, “Sabirabad Mexanikləşdirmə”, “Ağsu Sənaye İnşaat”, “Lənkəran Taxıl”, “Beyləqan Buzxana”, “Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətləri var.

    Komitədən bildiriblər ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

    Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

    2017-09-11 / 11:14
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 2.0000