Cəlilabad rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb

15047870693859660188_1000x669

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 12 rayonun yeni bələdiyyə xəritələri hazırlanır.

Komitədən bildirilib ki, Cəlilabad rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı sentyabrın 7-də Cəlilabad rayonunda regional maarifləndirici forum keçirilib.

Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, ƏMDK tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar görülən işlər artıq öz nəticələrini verir. Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanır. Cəlilabad rayonunda da torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb. Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında rayonun yeni bələdiyyə xəritəsi hazırlanıb.

Forumda komitənin, rayon icra hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması, habelə bu işlərin Cəlilabad rayonunda yekunlaşması ilə bağlı təqdimatla çıxış edib. Dövlət başçısının torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı 2016-cı il 7 mart tarixli Fərmanından bəhs olunub. Bildirilib ki, Fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar komitə tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Həmin Fərmanın rayonda da icrası ilə əlaqədar dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri həyata keçirilib.

Artıq respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Belə ki, dəqiq torpaq uçotu məlumatları əsasında Sumqayıt və Gəncə şəhərlərinin, Xızı, Abşeron, Salyan, Ağsu rayonlarının ərazilərindəki bütün bələdiyyələrin ərazilərinin xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin hazırlanması işi də yekunlaşmaq üzrədir.

Forumda ƏMDK tərəfindən Cəlilabad rayonunda aparılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işinin nəticələri, habelə yeni uçot məlumatlarından istifadə etməklə hazırlanmış 35 bələdiyyə xəritələri barədə məlumat verilib. Eyni zamanda, iştirakçılar Cəlilabad rayonu üzrə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqlarla bağlı geniş informasiya əldə ediblər.

Diqqətə çatdırılıb ki, bələdiyyə torpaqlarının elektron kadastr məlumat bazasında torpaq sahələrinin mülkiyyət növləri, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri əks olunub. Eyni zamanda, hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri və sahəsi düzgün müəyyənləşdirilərək xəritədə göstərilir. Bununla da torpaqlardan istifadədəki uyğunsuzluqlar aradan qaldırılır, vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətlərinə uyğun olaraq, parsellərin koordinatlarını müəyyən etmək imkanı yaranır. Həmçinin xəritələrdən istifadə etməklə reallığı əks etdirən kadastr sənədlərinin verilməsi təmin edilir. Reallığı əks etdirən rəqəmsal bələdiyyə xəritələrinin yaradılması bələdiyyə ərazisindəki torpaqların elmi əsaslarla istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq. Bu xəritələrə istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınması, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi işi yeni mərhələyə keçəcək.

Reallığı əks etdirən bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparmağa imkanlar yaradacaq. Nəticədə torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artırılacaq, vətəndaş məmnunluğu təmin ediləcək. Qeyd edək ki, ölkə üzrə torpaq uçotu işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.

Müzakirə şəraitində davam edən forumda icra, bələdiyyə nümayəndələrinin, torpaq mülkiyyətçilərinin torpaq münasibətlərinin tənzimlənməsi, torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı sualları cavablandırılıb.

2017-09-07 / 16:27
Facebook