AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı olub

14998419375144551891_1000x669

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun sorbsiya prosesləri laboratoriyasının müdiri, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən bildirilib ki, bölmənin elektron kitabxanasında keçirilən tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Naxçıvan Muxtar Respublikasının seolitləri haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Günel Məmmədovanın müəllifi olduğu yeni nəşrdə müasir analiz metodlarından istifadə etməklə muxtar respublikanın təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas quruluş kəmiyyətləri hesablanıb.

Sonra kimya elmləri doktoru Bayram Rzayev “Gümüşlü qurğuşun-sink filizi haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Əhməd Qarayevin monoqrafiyası Gümüşlü qurğuşun-sink filizindən kollektiv və seçici flotasiya metodu ilə qurğuşun sulfid konsentratının alınmasına, həmçinin bir sıra ikili və üçlü birləşmənin su mühitində sintez şəraitini öyrənilməsinə, qara qurğuşunun alınmasına və digər məsələlərin tədqiqinə həsr olunub.

Tədbirdə mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev çıxış edərək yeni nəşrlərin elmi işçilər və ali məktəb tələbələri üçün faydalı olacağını qeyd ediblər.

Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

2017-07-12 / 12:13
Facebook