Azərbaycan-Avstriya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

İyulun 6-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriyalı deputatlarla görüşüb.

Görüşdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Avstriya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Ziyafət Əsgərov ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib. Bildirib ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Ziyafət Əsgərov qonaqlara Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr, ölkəmizdə qeyri-neft sektorunun, turizmin inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır.

Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verilib. Həmçinin Z.Əsgərov iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində iki dinc sakinin öldüyünü və bir nəfərin yaralandığını diqqətə çatdırıb. O bildirib ki, dünya ictimaiyyəti bu hadisəyə laqeyd qalmamalıdır.

Görüş üçün təşəkkürünü bildirən Avstriya parlamentinin deputatı Yohanes Hübner qarşılıqlı münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının rolunu qeyd edib. Bildirib ki, müxtəlif sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. İqtisadi münasibətlərimizi isə daha da inkişaf etdirmək lazımdır. Bunun üçün hər iki tərəfdə münbit şərait var.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

2017-07-06 / 14:24
Facebook