Erməni bölmələrinin atəşi nəticəsində həlak olan Alıxanlı kənd sakinləri dəfn edilib

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan mülki şəxslər - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra kənd qəbirstanlığında dəfn edilib.

Dəfn mərasiminə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri qatılıblar. Ermənilərin bu qanlı cinayətlərindən hiddətlənən kənd sakinləri beynəlxalq təşkilatlardan haqq-ədalətin təmin olunmasını tələb ediblər. Onlar həmkəndlilərinin qanının yerdə qalmayacağına, düşməndən qisas alınacağına əminliklərini bildiriblər.

Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinlərin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Ancaq düşmən məqsədinə nail olmayacaq. Cəbhə kəndlərinin sakinləri ordumuza, dövlətimizin başçısına güvənir və düşmən üzərində tezliklə qələbə qazanılacağına əmindirlər.

Həlak olanların qohumu Mətləb Quliyev bildirib ki, düşmənin məqsədi ordunun arxasında duran kənd sakinlərini ruhdan salmaqdır. Lakin bu baş verməyəcək: “Biz düşmənin təxribatlarına baxmayaraq, şəhidlər versək də, doğma kəndimizi tərk etməyəcəyik. Ordumuz torpaqlarımızın keşiyində, xalqımız isə ordumuzun arxasında mətanətlə dayanıb. Hamımızın bir amalı var – işğalçıları torpaqlarımızdan qovub çıxarmaq”.

Düşmənin atəşi nəticəsində anasını və 2 yaşlı övladını itirən Elnur Quliyev kədərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Çox ağırdır. Bu gün anamı və körpə balamı torpağa tapşırdıq. Ürəyim yanır. Ancaq düşmən bilsin ki, onların da ürəkləri yanacaq. Şəhidlərimizin qisasının alınması üçün Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazıram”.

Alıxanlı kənd sakini Naib Əliyev isə deyib: “Ermənistan silahlı birləşmələrinin bu vəhşiliyi bizim düşmənə olan nifrətimizi, qəzəbimizi daha da artırır. Düşmən bilsin ki, bu qan yerdə qalmayacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə şəhidlərimizin qisası alınacaq, işğal altında olan bütün torpaqlarımız azad olunacaq”.

2017-07-05 / 17:07
Facebook