• flag
  • İslam dini Azərbaycan modelində

     

     

    Coğrafi baxımdan Qərblə Şərq qovşağında yerləşən Azərbaycanda hər iki sivilizasiya kəsişir. Azərbaycan bütün dini etiqadları və etnik azlıqları ehtiva etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləmişdir. Respublikamız daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir.  Ölkəmizdə bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımı şərait yaradılmışdır. Dövlətin ən ucqar bölgələrində belə müxtəlif dinlərə məxsus dini abidələrin qorunub saxlanılması, bərpası istiqamətində görülən işlər  tolerantlığa verilən əvəzsiz qiymətdir. Respublikamızda mövcud tolerantlığın ən əsaslı isbatı ölkənin ana qanunu, hüquqi təməli hesab olunan Konstitusiyada dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunmasıdır. Bu bir daha Azərbaycanı tolerantlıq məkanı olaraq tanıdır, dini, milli dialoqun mərkəzi kimi təsdiqləyir.

    İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. Azərbaycan dünyəvi dövlət olsa da əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ölkəmizdə islam dini-ənənələri geniş yayılmışdır. Uzun əsrlərdən bəri Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında , Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

    Hazırda Azərbaycanda məscidlərin sayı  2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir. Dövlətin İslam dini dəyərlərinə qayğısı nəticəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuşdur. Lakin acı həqiqətdir ki, işğal altında olan torpaqlarımızda yüzlərlə dini obyektlərimiz  erməni vandalizminin qurbanı olmuş, xüsusi təhqir obyektinə çevrilmişdir. İndiki Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irsimiz də eyni aqibəti yaşamışdır. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, Sərdar məscidi də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir. Bu yaxınlarda Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscidin inşasının başa çatması, Prezident İlham Əliyevin məscidlə tanışlığı vandal erməni təcavüzkarlarına bir mesaj idi. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan öz tarixi keçmişinə sadiqdir və gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. 

     Bakıda Cənubi Qafqazın ən böyük məbədi Heydər məscidi inşa edilmişdir. Məhz Heydər məscidi dünyada ilk dəfə olaraq şiə və sünni müsəlmanların bir yerdə qıldığı vəhdət namazına ev sahibliyi etmişdir. 2016-cı il "Multikulturalizm ili" çərçivəsində 15 yanvar tarixində məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.

    Azərbaycan  o azsaylı dövlətlərdəndir ki, həm Avropa təşkilatlarının, həm də islami strukturların üzvüdür. Respublikamız İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.Təsadüfi deyildir ki, Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabr ayında  isə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu il 12-22 may tarixlərində baş tutan IV İslam Həmrəyliyi Oyunları isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdı. İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq oyunları oldu. Bu yarışlar sülhün, əmin-amanlığın, həmrəyliyin möhkəmlənməsi üçün dünyaya bir çağırış idi. Yarışın əsas şüarı da “Gücümüz həmrəylikdədir” seçilmişdi.

    Dünyada İslam adı altında İslama zidd fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən terror qrupları mövcuddur. Bu terrorun qurbanları da məhz müsəlman dövlətləridir. Bu gün müsəlman dünyasında məzhəb amilindən istifadə edərək yaradılan çaxnaşmaların qarşısını almaq üçün yeni yollar axtarıb tapmağa çox ehtiyac vardır. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu, islamın əsas məram və məqsədlərini çatdırmaq lazımdır. Bunun üçün İslam birliyinə nail olunmalıdır. Prezident İlham Əliyevin 10 yanvar tarixli sərəncamıyla 2017-ci ilin Respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi olduqca humanist və sülhsevər bir təşəbbüsdür. Bununla, Azərbaycan üzərinə çox məsuliyyətli, eyni zamanda şərəfli bir vəzifə götürdü. Bu bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir. Dövlət başçısının da vurğuladığı kimi həmin qərar bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. 

     

    Ramazan; məqsədi və anlamı

    İslam humanizm, dostluq, qardaşlıq, yardımlaşma, sülh, əmin-amanlıq, sabitlik dinidir.  İslam dünyada ədaləti, bərabərliyi bərpa etməyə çalışan, İslam insanların bir-birinə düşmənçiliyinə son qoymağa, irqindən, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq dostluğa, çağırışa  yönələn  bir dindir. İslam dininin müddəaları terrora, zorakılığa qarşıdır. İslam inkişaf, elm, yenilik dinidir.

    İslam təqvimində (hicri təqviminə görə 9-cu ay) Ramazan ayının digər aylarla müqayisədə daha böyük yeri vardır. Ramazan “11 ayın sultanı”dır. Çünki islam dininin sütun təməli hesab olunan “Qurani-Kərim” məhz bu ayda endirilmişdir. Ramazan ayını vacib edən digər bir cəhət, dinimizin təməl ibadətlərindən hesab edilən - insanı nəfsi əsarətdən, maddi ehtiraslardan çəkindirən - orucun məhz bu ay içində tutulmasıdır. Uca Allah (c.c) Quranda “... Kim Ramazan ayına çatsa oruc tutsun" (Bəqərə surəsi, 185. ayə) buyuraraq, Ramazanda oruc tutulmasını vacib etmişdir. Müsəlmanlar bu ayı fürsət bilməli, əllərindən gəldiyi qədəriylə ibadət edərək, günahlardan təmizlənmək üçün səy göstərməlidir. Məhəmməd peyğəmbərin (s.ə.s) hədislərinin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa - o, Allah üçündür, əvəzini də Allah verir.

    İnsan oruc tutmaqla öz iradəsinin mükəmməlliyini sınayır. Oruc tutan insan həm maddi, həm mənəvi üstünlüklərə sahiblənir. Oruc yalnız ac qalmaq demək deyildir. Bir insanı məcburi şəkildə ac-susuz qalmağa təhrik etmək qeyri-mümkündür.  Orucun səbr, şükür, nəfs tərbiyəsi ilə əlaqəsi var. Bu səbəbdən bir hədisi-şərifdə “Hər şeyin bir qapısı vardır. İbadətin qapısı isə orucdur” (İbni Mübarək) - deyə buyrulmuşdur. Oruc imandandır, imanın qüvvətindən, insanın maddi və mənəvi baxımdan psixoloji hazırlığından asılıdır. Orucda saysız-hesabsız faydalar vardır. Hər şeydən öncə, oruc möminin ruhunun tərbiyəsi, səbr və iradəsinin sınağıdır. Oruc insan orqanizmi üçün bir növ istirahət hesab olunur.Bir çox xəstəliklərin müalicəsinin başlıca açarıdır. Orucun sinir sistemi, həzm sistemi, qanın yenilənməsi kimi həyati önəm daşıyan sistemlə üzərindəki təsirləri müasir tibbin qəbul etdiyi danılmaz faktlardır. Mənəvi cəhətdən təsiri isə kamilləşmə ilə bağlıdır. Aclığı yaşamayan, acın halını bilə bilməz. Müqəddəs Ramazan ayı insanlara bu baxımdan örnək olmaqla onun ruhi rahatlığı, daha çox şükranlığı, hər cür yalan və böhtandan uzaq olması, ehtiyacı olanlara əl tutması, maddi və mənəvi dəstək nümayiş etdirməsi üçün imkan yaradır. Yaradan insanlara oruc tutmağı vacib bilməklə onların maddi, ruhi dincliyini istəmişdir. Ac qalan insan aqressivlikdən, heyvani qəlizlərdən uzaqlaşır.  Çünki Allah (c.c) hər bir şeyi ölçü daxilində yaratmışdır.  Allah (c.c) insan sağlığına zərərli olan bir ibadəti fərz qılmaz. Rəbbimiz qullarının üzərinə gücü çatmayacağı bir yüklə yükləməz. Yəni oruc müddəti insanı bədəni, zehni və ürəyi baxımından yenidən bərpa edir, kamilləşdirir, axirətə hazırlayır.

    Ramazan ayı orucluq, insan nəfsinin paklığı, hər cür qüsur və naqisliyin aradan qaldırılması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə günahlardan xilas olma imkanı qazanır. Bu ay ruhun tərəqqisi, Rəbbinə tərəf yönəlməsidir. Orucluq insanlara öz iradəsini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

    Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı hər zaman Azərbaycan xalqının qəlbində yaşamışdır. Müstəqillik əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi qeyd edilməyə başladı.  Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Ramazan bayramı hər il dövlət səviyyəsində qeyd olunur. Ənənəvi olaraq hər il Prezident İlham Əliyev  müsəlman ölkələrinin səfirləri ilə görüşür, iftar mərasimində iştirak edir. Bundan başqa Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda Ramazan ayı münasibətilə bayram sovqatları  təqdim edilir, Fondun vitse-prezidenti Leyla Əliyevanın adından isə ənənəvi olaraq Moskvada iftar verilir. 20 iyun tarixində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində iştirak edən Prezident İlham Əliyev öz çıxışında Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin mükəmməlliyinə toxundu. Dövlət başçısı bildirdi  ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Din də dövlət işinə, siyasi işlərə qarışmır. Prezident: “Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər” – deyə vurğuladı. Ötən il Roma Papasının Azərbaycana baş tutan səfərinə toxunan İlham Əliyev Azərbaycanın Roma Papasının səfər etdiyi  ilk müsəlman ölkələrindən biri olduğunu qeyd etdi. Dövlət başçısı Roma Papasının Heydər məscidində Azərbaycanda mövcud olan bütün ənənəvi dini icmaların rəhbərləri ilə görüşünün dinlərarası münasibətlərin necə həll olunmasına dair dünyaya göndərilən növbəti bir mesaj olduğunu vurğuladı.  Prezident Azərbaycanın bir çox sahələrdə olduğu kimi dini məsələlərin həlli işində də yeni davranış formatını təqdim etdiyini bildirdi. Budur Azərbaycanda mövcud sabitliyin, tolerantlığın səbəbi ...

    Bu ilki bayramın “İslam həmrəyliyi ili”nə təsadüf etməsi isə ikiqat sevincdir. “İslam Həmrəyliyi ili” bütün dünyaya yönələn bir çağırışdır. Həmrəy, tolerant, sabit bir dünya çağırışıdır. Bu qərar Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan həmçinin, bununla bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, inkişafı ilə bağlı nümunə təqdim edir. İnanırıq ki, bu il çərçivəsində görüləcək işlərin müsəlman ölkələrinin birliyinə, onların tərəqqisinə böyük təsiri olacaq. “İslam Həmrəyliyi İli” bütün dünyada, eyni zamanda İslam aləmində sülhün, əmin-amanlığın, həmrəyliyin möhkəmləndiyi il olaraq tarixə keçəcək. İnanırıq ki, İslam dininin Azərbaycan modeli İslamın mahiyyətini, məramını bütün dünyaya açıqlayan ən mükəmməl  örnəyə çevriləcək.

    Qarşıdan gələn bu bayramın bütün İslam aləminə xeyirlərə və maddi-mənəvi inkişafa vəsilə olmasını diləyirik. Daha neçə gözəl bayramlara çatmaq diləyilə! Bayramınız mübarək!

     

    Nailə Məmmədova

    “Azerbaijan Realities”

     

     

    2017-06-26 / 14:50
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7008
    EUR 2.0342