Azərbaycan-Qazaxıstan parlamentlərarası münasibətləri müzakirə olunub


1495776920633737119_1000x669

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ilə görüşüb.

Nurlan Niqmatulin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla dost münasibətdə olduğunu bildirib. Qeyd edib ki, Qazaxıstan Qafqaz regionunda əsas tərəfdaş kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

Parlament sədri Prezident Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfərini ikitərəfli strateji münasibətlərin inkişafında əhəmiyyətli hadisə adlandırıb. O deyib ki, Qazaxıstanın və Azərbaycanın aktual beynəlxalq, regional məsələlər üzrə razılaşdırılmış mövqeləri üst-üstə düşür. Burada parlament diplomatiyası da mühüm rol oynayır. O, parlamentlərarası əməkdaşlıq komissiyalarının və müvafiq komitələrinin potensialından istifadənin əhəmiyyətini vurğulayıb. Spiker qeyd edib ki, bu, Qazaxıstan və Azərbaycan dövlət başçılarının razılaşdırdığı bütün müqavilələrin effektiv həyata keçməsinə zəmin yaradacaq.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Qazaxıstan Parlamenti Məclisinin sədrinə çatdırıb. Səfir bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Azərbaycanla Qazaxıstan TürkPA çərçivəsində də sıx əməkdaşlıq edir. Təşkilatın fəaliyyəti tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir. Azərbaycan tərəfi də hər iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsində maraqlıdır və bu cür səfərlər tərəflər arasında bir sıra məsələlər üzrə fikir və təcrübə mübadiləsinə imkan yaradır.

Söhbət zamanı hər iki tərəf daha sıx əməkdaşlığa, o cümlədən iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü çərçivəsində qarşıdan gələn mühüm tədbirlərə hazır olduqlarını bildiriblər.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə birinci sammiti, eləcə də “EKSPO-2017” Beynəlxalq Sərgi çərçivəsində birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib.

2017-05-26 / 12:20
Facebook