Astanada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib


14957725954461251491_1000x669

Qazaxıstanın Astana şəhərində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov iştirak edib.

Əvvəlcə milli alətlərimiz tar və balabanın ifasında hər iki ölkənin himni səsləndirilib.

Rəsmi qəbulda digər ölkələrin Astanada akkreditə olunmuş diplomatik korpuslarının rəhbərləri, diplomatlar, Qazaxıstanın Xarici işlər Nazirliyinin rəsmiləri, bu ölkənin Daxili İşlər Nazirliyinin aparıcı işçiləri, ölkənin tanınmış ziyalıları, deputatlar, jurnalistlər və Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. Səfir Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinə toxunaraq vurğulayıb ki, bu illər ərzində iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq yaradılıb. Bu gün hər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət bu əlaqələrin dinamik inkişafına əhəmiyyətli dərəcədə təsir edir.

Qarşıda duran vəzifələrdən danışan səfir yaxın gələcəkdə iqtisadi sahədə birgə layihələrin həyata keçiriləcəyi barədə məlumat verib. Bildirilib ki, Astanada keçiriləcək “EXPO-2017” Beynəlxalq sərgisində Azərbaycan da layiqincə təmsil olunacaq.

Sonra çıxış edən Qazaxıstanın müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Nazir hər iki ölkənin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığını vurğulayaraq deyib ki, xüsusilə ticari-iqtisadi sahədə Qazaxıstan ilə Azərbaycan arasında daha geniş perspektivlər var. O, Qazaxıstanda 100-ə yaxın birgə müəssisənin fəaliyyətini bu əməkdaşlığın bariz nümunəsi adlandırıb. İnandığını bildirib ki, Azərbaycan beynəlxalq sərgidə bütün imkanları ilə iştirak edəcək.

Tədbir çərçivəsində Qazaxıstanda yaşayan azərbaycanlı Zakir Binnətlinin əl işlərindən ibarət xalçaçılıq nümunələri nümayiş olunub. Sərgi 3 gün davam edəcək. Həmçinin qədim xalçaçılıq sənətindən bəhs edən kitablar, dərgilər iştirakçılara təqdim edilib.

Azərbaycanda istehsal olunan şərabların təqdimatı da keçirilib.

Səfirliyin təşəbbüsü ilə Azərbaycan mətbəxinin zənginliyini özündə əks etdirən köşklər hazırlanıb. Bütün bunlar iştirakçılarda böyük maraq oyadıb.

Tədbir boyunca tar və balabanda milli musiqilərimiz ifa olunub.

2017-05-26 / 09:44
Facebook