“Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda regionlarda seminarlar keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Gəncə və Göygöl, Daşkəsən və Samux Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işləri üzrə baş həkim müavinləri, ginekoloqlar üçün “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirib.

İSİM-dən bildirilib ki, Səhiyyə Nazirliyinin 2017-ci il üçün mülki müdafiə tədbirlər planına əsasən təşkil olunmuş tədbirdə İSİM-in əməkdaşları - layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov çıxış ediblər. BMT-nin Əhali Fondunun İSİM-lə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirdə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları də iştirak edib.

İSİM-in nümayəndələri fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin (MİXP) göstərilməsi barədə seminar iştirakçılarına məlumat veriblər.

Tədbirdə çıxış edən S.Babazadə bildirdi ki, fövqəladə halların kritik mərhələsində zərər çəkmiş insanlar arasında reproduktiv sağlamlıqla əlaqədar problemlərin təcili həlli üçün tibb müəssisələrinin əməkdaşlarının məlumatlıq səviyyəsi zəruri olaraq artırılmalıdır. O, həmçinin minimal ilkin xidmətlərdə qida, su və sığınacağın prioritet olması ilə yanaşı, zərərçəkənlərin rifahının və ləyaqətinin təmin edilməsindən danışıb.

Tədbirdə ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud olan hazırlıq, bu hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın vacibliyindən söhbət açılıb. Mümkün fövqəladə hallarda Səhiyyə Nazirliyi və digər nazirliklərin aidiyyəti qurumları ilə əlaqəli işin daha effektiv qurulmasına nail olmaq üçün mövzu haqda məlumatlı olmanın vacibliyi vurğulanıb.

Seminarda fövqəladə vəziyyətə düşmüş insanlara humanitar xidməti göstərən və təşkil edən əməkdaşlar arasında cinsi zorakılığın və kobud hərəkətlərin istisna edilməsi məqsədi ilə təklif olunan etik qaydalar da müzakirə olundu.

2017-05-25 / 15:56
Facebook