Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VIII beynəlxalq elmi konfrans işə başlayıb


1493883528450203603_1000x669

Mayın 4-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VIII beynəlxalq elmi konfrans işə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın açılışında BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verib. Vurğulanıb ki, artıq ənənə halını alan konfrans ulu öndər Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, Ümummilli Lider tərəfindən irəli sürülmüş Azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edilib. Rektor dahi şəxsiyyətin qısa müddətdə müstəqil Azərbaycanı sabit, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini deyib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ulu Öndərin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək Azərbaycanın güclü iqtisadiyyata, çevik diplomatiyaya, qüdrətli orduya malik ölkə kimi dünyada tanınmasına nail olub. Bu gün Azərbaycan iqtisadi modeli dünyanın bir çox dövlətləri tərəfindən öyrənilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Azərbaycanın dünyada xeyirxah missiyalı bir dövlət kimi tanınmasında əvəzsiz xidmətləri var.

Konfrans işini “Heydər Əliyev və Azərbaycanda qadın hərəkatı”, “Heydər Əliyev irsi və Azərbaycan təhsili”, “Heydər Əliyev və İslam dünyası”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzularında bölmələrdə davam etdirib.

2017-05-04 / 12:42
Facebook