Qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərinin minimallaşdırılması və milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar eyni zamanda sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da güclənməsinə səbəb olub. Müsbət haldır ki, bunun müqabilində özəl sektorun da iqtisadiyyatda rolu artmaqla bərabər, iş yerlərinin yaradılmasında iştirakı da getdikcə aktivləşir.
Son dövrlər Azərbaycanda bir tərəfdən uğurla gerçəkləşdirilən iqtisadi islahatlar, digər tərəfdən isə əvvəlki illərdə yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb. Məhz bunun nəticəsidir ki, respublikamızın iqtisadi inkişafı, biznes mühitinin liberallaşdırılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müxtəlif beynəlxalq təşkilatlar və biznes qurumları tərəfindən müsbət dəyərləndirilir.
Azərbaycanın böhrana qarşı səmərəli müqavimət göstərməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları da müstəsna əhəmiyyətə malikdir. Bu proqramlarının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində artım əldə olunub, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri məhz iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə tədbirləri nəzərdə tutur və görüləcək işləri, hədəfləri müəyyənləşdirir.
Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb.
İmzalanmış fərmana əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritələri müəyyənləşdirilmişdir.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasının neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair,
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair ;
Ölkədə ağır sənaye və maşınqayırmanın inkişafına dair ;
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair
“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair ;
“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair;
telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair;
“Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndən ibarətdir.
Tədbirlər əsasən 3 mərhələdə həyata keçiriləcək: 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı.
İlk mərhələdə qısa müddətdə ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin qarşısını almaq, iqtisadiyyatı mənfi şoklardan qorumaq nəzərdə tutulur. Eyni zamanda, ortamüddətli dövrdə inkişaf xəttinin bərpa edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatının daha çox dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə rəqabətqabiliyyətliliyin artırılmasıdır.
İkinci mərhələdə ölkə iqtisadiyyatının əsasən yüksək gəlir yaradan, rəqabətqabiliyyətliliyin artırılması istiqamətində tədbirlər görüləcək.
Üçüncü mərhələdə isə yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcək ki, burada əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir.
Sənayeləşmə sahəsində əsas istiqamətlərdən biri ən yeni texnologiyaların tətbiqidir. Metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, yeni sənaye sahələri yaradılır.
Hazırda uğurla həyata keçirilən əsas məsələlərdən biri də sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, sənaye zonalarının yaradılmasıdır. Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları artıq fəaliyyət göstərir. Mingəçevir və Pirallahı Sənaye parklarının təşkili üçün işlər aparılır. Sənaye parklarında və zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 553 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. Növbəti mərhələdə isə 1,5 milyard ABŞ dollarına yaxın investisiyanın qoyulması və 4000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Neftçala və Masallı Sənaye Zonasında işlər uğurla yekunlasmaq uzrədir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq.
Dövlətin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir.
Strateji yol xəritəsində “Sahibkarlığın inkişafı prioritet elan olunub. Bu istiqamətdə həyata keçirilən nəticələr sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması, maarifləndirilməsi, xarici əlaqələrin qurulması, forumların keçirilməsi nəzərdə tutulmuşdur.
Beləliklə, Strateji yol xəritələri iqtisadi islahatlara uyğun kompleks tədbirlərin həyata keçirilməsini, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını təmin edəcək.
Strateji baxış Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək.