Azərbaycanda teatr və kinonun inkişafı

 

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. 

1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. 

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi.

1920-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nın 1920 il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918 ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 

XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" (N.V.Qoqol), "Həyatın dibində" (M.Qorki), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə", "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə, və s. Bu illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının bir sıra əsərləri uğurla tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s. Teatr 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Otello" (V. Şekspir), "Almas" (C. Cabbarlı), "Fərhad və Şirin" (S. Vurğun) və s. tamaşalar göstərmişdir.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də H.Ə.Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi.

80-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik əldə etdi. 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı.

Yeni yaranan və "Dövlət teatrı" statusu alan Pantomim teatrı, Bələdiyyə teatrı, Yuq teatrı, Gənclər teatrı, Miniatür teatrı, Kamera teatrı yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər.

1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sərəncam imzaladı. Sənət adamları fəxri adlara layiq görüldülər.

Prezidenti İlham Əliyev Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubileyi və 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlar sənət adamları, teatr xadimləri tərəfindən yüksək rəğbət hissi ilə qarşılanmışdır.

Ölkə başçısının bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunmuşdur. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Qanun qəbul edilmişdir. Qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən bu Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan olunmuşdur. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalamışdır. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiyası, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.

1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. 

1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə" (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.

1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar (İ.Qasımov, Ə.Məmmədxanlı, İ.Tağızadə. L.Səfərov, H.Seyidbəyli, Ə.İbrahimov, N.İsmayılov, H.Seyidzadə, Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, K.Nəcəfzadə, C.Əzimov, E.Rzaquliyev, N.Zeynalov və b.).

Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı ("Qızmar günəş altında" (1957, rejissor L.Səfərov), "Qara daşlar" (1958, rejissor A.Quliyev), "Kölgələr sürünür" (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), "Onun böyük ürəyi" (1959, rejissor Ə.İbrahimov), "Həqiqi dost" (1959, T.Tağızadə), "Onu bağışlamaq olarmı?" (1960, rejissor R.Təhmasib), "Bizim küçə" (1961, rejissor.Ə.Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H.İsmayılov), "Telefonçu qız", "Belə ada da vardır" (1962,1963, rejissor H.Seyidbəyli), "Ögey ana" (1959, rejissor. H.İsmayılov).

XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" (1969, rejissor E.Quliyev) filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: ("Uşaqlığın son gecəsi", "Gün keçdi" (1969,1971,rejissor A.Babayev), "Baş müsahibə", "Var olun, qızlar" (1971,1973, rejissor E.Quliyev), "Həyat bizi sınayır" (1971, rejissor Ş.Mahmudbəyov), "Xoşbəxtlik qayğıları" (1976, H.Seyidbəyli) və s. filmləri göstəmək olar.

60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir.

"Nəsimi" (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. "Dədə Qorqud" (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. "Babək" (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xİlafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.

Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəməmişdir.

Hal-hazırda Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında Prezident İlham Əliyev  tərəfindən müvafiq sərəncamlar verilmişdir.

Facebook