Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. O bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.
Dövlət gerbi dövlətin möhürlərdə, pul nişanlarında, blank və digər rəsmi sənədlərində təsvir olunan fərqləndirici nişanıdır. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 19 yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi. 1993-cü il fevralın 23-də isə Azərbaycan Respublikası Dövlət gerbihaqqında əsasnamə təsdiq edilmişdir.
Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Çoxguşəli, o cümlədən səkkizguşəli ulduz Azərbaycanın memarlıq, zərgərlik, şəbəkə sənətində geniş yayılmış ornament növlərindəndir.
“Himn” siyasi təbliğatda mühüm vasitə olmaqla, müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifa olunması əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarla bağlıdır. Himn bir qayda olaraq, mətnin obrazlılığı, əhatəliyi, asan yadda qalan melodiyası, aydın, ahəngli ritm və əzəməti iləfərqlənir. Məlumdur ki, dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır. Himninmusiqisi asan qavranmalı və ölkənin vətəndaşları tərəfindən çətinlik çəkmədən sərbəst ifa olunmalıdır. Adətən dövlət himninin musiqisi təntənəli major ladında yazılır.
Azərbaycan himninin musiqisi görkəmli bəstəkarımız Üzeyir bəy Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsusdur.