Ermənistanın təcavüzünün nəticələri

 

1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.

Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon -Ağdam (ərazisinin 62,8 faizi işğal altındadır), Cəbrayıl, Füzuli (ərazisinin 79,3 faizi işğal altındadır), Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri - Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı) kəndləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,  695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin  dağıdılmasına səbəb olmuşdur.

 Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür.

 Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv  etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli  40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

 Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çoxdur.

Hal-hazırda hərbi təcavüz nəticəsində ölkədə bir milyon 200 min nəfərə yaxın qaçqın və məcburi köçkün vardır.

 

Facebook