.jpg)
11 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın strateji əhəmiyyətinin daha da artırılması baxımından mühüm hadisədir. Səfər çərçivəsində Dövlət başçısının iştirak etdiyi tədbirlər və verdiyi müsahibə muxtar respublikanın strateji gələcəyini müəyyən edir.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə indiyədək görülmüş işlərin qarşıdakı genişmiqyaslı dəyişikliklər üçün möhkəm zəmin yaratdığını bildirdi: “Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”.
Prezident Naxçıvanın tarixi irsi, insan potensialı və coğrafi mövqeyinin onun ümummilli əhəmiyyətini artırdığını vurğuladı: “Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.
Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin baş planlarının təsdiqləndiyini xatırladaraq, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə tapşırıq verdiyini açıqladı. Bu plan çərçivəsində şəhərdə müasir infrastrukturun yaradılması üçün əlavə tədbirlər görüləcək.
Regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda Naxçıvanın enerji təhlükəsizliyi daha aktual xarakter almaqdadır. Dövlət başçısının müəyyənləşdirdiyi strateji kurs çərçivəsində Muxtar Respublikanın regional nəqliyyat qovşağına, "yaşıl" enerjinin istehsalı və tranziti mərkəzinə, habelə müasir sənaye klastrinə çevrilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində İğdır–Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı da uzunmüddətli strateji prioritet kimi ön plana çıxır. Prezident İlham Əliyevin dediyi kimi, Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Ümumiyyətlə aparılan monitorinq və dəqiq təhlillər Naxçıvanın Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan olduğunu göstərir. Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının tikintisi planlaşdırılmışdır. Artıq "Şəms-1" və "Qərbi Üfüq" günəş stansiyalarının, Ordubad HES-in inşası, habelə azı 100 meqavatlıq enerji saxlanma sisteminin yaradılması kimi layihələr regionun Türkiyə, İran və perspektivdə Avropaya böyük həcmdə "yaşıl" enerji ixrac edən əsas haba çevriləcəyini şərtləndirir.
Ölkə başçısının nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinə dair fikirləri göstərir ki, Naxçıvanın coğrafi mövqeyinin siyasi və iqtisadi dəyəri yeni regional reallıqlar fonunda ciddi şəkildə artır. Bu dəyişimin isə əsas istiqamətlərindən biri TRIPP layihəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfərdən sonra Azərbaycanın əsas məqsədlərindən biri də Naxçıvanla quru əlaqəsinin yaradılması olub. Prezident bu məqama xüsusilə toxundu: "Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub". Bu fikir də sübut edir ki, TRIPP layihəsi Azərbaycan üçün sadəcə yeni nəqliyyat xətti deyil, həm də ölkənin coğrafi baxımdan ayrı düşmüş iki hissəsi arasında birbaşa bağlantının yaradılması və bu bağlantının daha geniş regional nəqliyyat sisteminə inteqrasiyası baxımından strateji xarakter daşıyır.
Bu layihə Azərbaycanın tranzit potensialını və nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, uzun illər blokada şəraitində qalmış Naxçıvanın regional mövqeyinin köklü şəkildə dəyişməsi üçün yeni imkanlar yaradır. Layihənin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa quru bağlantısının formalaşmasına şərait yaradacaq. Bu isə muxtar respublikanın nəqliyyat təcridinin aradan qalxması və Azərbaycanın vahid nəqliyyat sisteminə daha sıx inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Muxtar respublikanın Türkiyə, İran və Ermənistanla həmsərhəd olması da bu layihə çərçivəsində ona xüsusi üstünlük verir. TRIPP sayəsində Azərbaycanın əsas hissəsi, Türkiyə və İran arasında mühüm nəqliyyat halqasına çevrilə bilər. Belə bir vəziyyət isə Naxçıvana iqtisadi və geosiyasi üstünlük təmin edəcək. Yəni, Türkiyə ilə əlaqələr daha da güclənəcək, İran istiqamətindəki nəqliyyat imkanları genişlənəcək, regional ticarət dövriyyəsindəki rolu artacaq. Həm də nəzərə almaq lazımdır ki, TRIPP Naxçıvan üçün eyni zamanda Orta Dəhliz və Şimal-Cənub marşrutları baxımından da üstünlük deməkdir və qlobal miqyasda çəkisini artırır. Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən bu nəqliyyat istiqamətləri dünya ticarətinin və logistikasının yenidən formalaşdığı bir dövrdə daha böyük əhəmiyyət qazanır.
Prezident müsahibəsində Naxçıvan dəmir yolunda işlərin başladığını, Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən tikiləcəyini bildirdi. Bu isə layihənin Naxçıvanın bütövlükdə nəqliyyat sisteminin yenidən qurulmasına təsir göstərəcəyini ortaya qoyur. Nəqliyyat imkanlarının bu səviyyədə yenilənməsi və genişlənməsi paralel olaraq Naxçıvanın iqtisadi inkişafı üçün də yeni mərhələyə keçid deməkdir. Prezidentin açıqladığı 15 milyon tonluq yükdaşıma hədəfi də Naxçıvanın qarşıdakı dövrdə hansı miqyasda nəqliyyat mərkəzinə çevrilə biləcəyini göstərir.
Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Reallaşacaq layihələrlə Avrasiya ticarət və logistika xəritəsində Naxçıvanın rolu əhəmiyyətli dərəcədə artacaq.
Nailə Tağızadə