Robert Sekuta: TRIPP layihəsi Azərbaycan ilə Ermənistan arasında sülhün qurulması baxımından vacib əhəmiyyət daşıyır

 

TRIPP layihəsi Azərbaycan ilə Ermənistan arasında uzun müddətdir ehtiyac duyulan sülhün qurulması, eyni zamanda, Avrasiya boyunca ticarət marşrutlarının genişləndirilməsi baxımından daha vacib əhəmiyyət daşıyır.

Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O bildirib ki, ABŞ və Mərkəzi Asiya arasında aparılan müzakirələrdə ABŞ ilə dünyanın bu hissəsi arasında daha geniş iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Lakin əgər nadir torpaq, uran və digər növ mineralların daşınması haqqında danışılırsa, dəmir yolu və avtomobil nəqliyyatı sistemlərinin təkmilləşdirilməsinə ehtiyac duyulacaq.

“Düşünürəm ki, bunlar indi edilməlidir və burada iki əsas səbəb var. Birincisi, Mərkəzi Asiya və Avrasiyanın inteqrasiyasına, inkişafına dair ortaq prinsiplərin mövcudluğu, digəri isə Azərbaycanla Ermənistan arasında davamlı sülh baxışının inkişafı, konkretləşməsi və reallaşmasıdır. ABŞ-ın burada daha çox iştirakını görməliyik. Beləliklə, indi hərəkətə keçmək lazımdır. Azərbaycanın yerləşdiyi bu coğrafiyaya baxsaq görərik ki, əgər siz Rusiya və ya İrana daxil olmadan Avrasiyaya getmək istəyirsinizsə, Azərbaycandan keçməlisiniz. Bu infrastrukturun qurulması və bunun reallaşması üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə birgə işləmək çox vacib olacaq. Hazırda bunun üzərində işləməliyik”, - deyə R.Sekuta əlavə edib.

2025-11-17 / 17:51
Facebook