ÜST-nin Azərbaycandakı nümayəndəliyi jurnalistlərlə görüş keçirib

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş təşkil edib.

Görüşün məqsədi ÜST ilə yerli media arasında əlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülən işlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq olub.

Tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və ÜST-nin ölkə ofisinin əməkdaşları iştirak ediblər.

Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçirilən görüş zamanı iştirakçılara ÜST-nin Azərbaycandakı prioritet istiqamətləri olan iqlimə davamlı səhiyyə sistemlərinin gücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixi sağlamlıq, qeyri-infeksion xəstəliklərlə mübarizə, ÜST-nin səhiyyədə fövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib.

Tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı sağlamlıqla bağlı məlumatların ictimaiyyətə dəqiq və vaxtında çatdırılması üçün mətbuatla işləməyin onlar üçün prioritet olduğunu qeyd edib: "Biz ÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür və bu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulması sizinlə mümkündür”, - deyə H.Harmancı bildirib.

Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab alıblar. Eyni zamanda, gələcək əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda H.Harmancı jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb, həmçinin jurnalistlərin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlı mövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önə çıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edən müsbət addım kimi dəyərləndirilib.

2025-07-15 / 13:20
Facebook