Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün ustad dərsi keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, uzun illər dulusçuluqla məşğul olan Cəsarət Nuriyev şəhid övladlarını qədim el sənətinin sirləri ilə tanış edib.
20-yə yaxın şəhid övladının iştirak etdiyi ustad dərsində uşaqlar müxtəlif əşyaların hazırlanması və rənglənməsi metodlarını öyrəniblər.
İştirakçılara dulusçuluq sənətinin tarixi və qədim əl işləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.