Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu indi çox aktualdır, yaxşı nəticələr əldə olunub və son 2-3 ildə aktiv inkişafda artım var.
Bunu Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz limanları şöbəsinin müdiri Jasulan Kerimbayev Azərbaycan-Qazaxıstan Ekspert Şurasının dördüncü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas diqqət konteyner daşımalarına yönəlib ki, bu da dünya praktikasına uyğundur. Şöbə müdiri əlavə edib: “Keçən il Çindən 358-ə yaxın konteyner qatarı yola düşüb, bu il həmin rəqəmin 600-dən çox olacağı gözlənilir. Çinlə razılaşmaya uyğun olaraq, 2028-ci ilə qədər bu sayı 3000 qatara çatdırmaq planlaşdırılır”.
O, Qazaxıstan hökumətinin infrastrukturun inkişafına böyük vəsait yatırdığını diqqətə çatdırıb.
Kerimbayev deyib: “Kurık limanının dərinləşdirilməsi başa çatıb və tutumu 1 milyon ton olan taxıl terminalı işə salınıb. Çoxfunksiyalı Sarja dəniz terminalı tikilir ki, bu da daha 10 milyon ton tutum əlavə edəcək. Analoji işlərin Aktau limanında da aparılması planlaşdırılır”. Onun sözlərinə görə, Aktauda konteyner qovşağı tikilir və bu, limanın ötürücülük qabiliyyətini 140 mindən 240 min TEU-ya çatdıracaq.