Hərbi qulluqçuların törətdiyi aşkar cinayətlər üzrə sadələşdirilmiş təhqiqat imkanı yaradılır

 

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

Bu, Milli Məclisin aprelin 22-də keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmçinin bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin əlavə edilməsi də təklif olunub.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

2025-04-22 / 15:49
Facebook