Türkiyə mətbuatı: Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər oldu

 

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb.

Nüfuzlu KİV-lərdə yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi vurğulanıb.

Anadolu agentliyində yayımlanan xəbərdə dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması barədə fikirləri oxuculara təqdim edilib. Yazıda Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, – sözlərinə yer verilib.

Məqalədə Azərbaycan Prezidentinin Türkiyə dövlətinin operativ və çevik addımlarının insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olmasını göstərməsi və qardaş ölkənin gücünü bütün dünyaya bir daha nümayiş etdirməsi barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.

“HaberGlobal” televiziya kanalının saytında yer alan xəbərdə də dövlətimizin başçısının Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Yazıda Prezident İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri xüsusi qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.

“Milliyet” qəzeti isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini yazıb. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

Türkiyə KİV-lərində yer alan məqalələrdə azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında uğurla çalışdıqları vurğulanıb. “Yeni Şafak” qəzeti yazıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məqalədə Azərbaycan dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyi qeyd olunub.

“Hürriyet” qəzetində dərc edilən məqalədə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər olub. Azərbaycanda başlanan yardım kampaniyası barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri bildirilib. Yazıda sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb.

TRT Avaz”ın yaydığı xəbərdə isə humanitar yardım daşıyan 13 yük avtomobilinin fevralın 8-də səhər saatlarında Bakıdan Türkiyəyə yola düşdüyü bildirilib. Qeyd olunub ki, bu humanitar yardıma 260 çadır, 300 çarpayı, 2 böyük generator, 8 min geyim, 20 min cüt corab, 350 masa, 1000 stul və 5 min dəsmal daxildir.

Anadolu agentliyinin yaydığı “Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir” sərlövhəli xəbərdə bildirilir ki, Azərbaycan dövləti bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.

Məqalədə dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığı qeyd olunub.

Türkiyə KİV-lərində yer alan xəbərlərdə Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri xüsusi vurğulanıb.

2023-02-08 / 23:05
Facebook