"20 Yanvar faciəsinə aparan yol 1987-ci ildən başlamışdı" - RƏY

 

"1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, ovaxtkı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb".

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Çox təəssüf ki, eyni ittifaq dövlətinin (keçmiş SSRİ-nin – red.) tərkibində olsaq da, Moskva ermənilərin bu hərəkətinə göz yumdu. Hətta deyə bilərəm ki, onları dəstəklədi. Çünki 1988-ci ilin fevral ayında o zamankı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyan Fransada çıxış edərkən o vaxtkı Dağlıq Qarabağın iqtisadi və sosial baxımdan Ermənistana daha yaxın olduğunu əsaslandırmağa çalışdı. Beləliklə də, Azərbaycan xalqı məhz buna etiraz olaraq meydanlara çıxdı. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladı".

1990-cı ildə hadisələrin çox gərgin bir həddə çatdığını vurğulayan H.Babaoğlu söyləyib ki, buna ermənilərin öz separatçılıq niyyətlərindən əl çəkməməsi səbəb olub:

"Azərbaycan xalqı isə öz müstəqilliyi, ərazi bütövlüyü və suveren hüquqları uğrunda yumruq kimi birləşmişdi. Ona görə də SSRİ imperiyasının görünür ki, o dövrdə daha sonrakı mərhələ üçün planlaşdırdığı məqsədlərə çatmaq üçün Azərbaycan xalqının mübarizəsini qırmaq üçün məqsəd müəyyənləşdirmişdi. Bu da 20 Yanvar faciəsi ilə nəticələndi. Tarixdə bir imperiya öz vətəndaşlarına qarşı amansız bir cəza tədbiri tətbiq etdi və Azərbaycan xalqının iradəsini qırmağa çalışdı. Ancaq Azərbaycan xalqı bütün bunlara baxmayaraq, öz mübarizəsini davam etdirdi. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımız sovet imperiyasının qaniçən ordusuna qarşı əliyalın mübarizəyə qalxaraq, öz haqlarını tələb etdilər. Doğrudur, bir qədər gec oldu, ancaq Azərbaycan xalqının qəhrəman övladlarının müstəqillik, suverenlik, ərazi bütövlüyünün bərpası arzuları yerdə qalmadı".

Deputat bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük dövlət xadimi Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi qiymət verilib. Onun sözlərinə görə, məhz bununla bu faciəni törədənlərin kimliyi müəyyənləşdirilib və onların adı Azərbaycan tarixinə qara bir ləkə kimi yazılıb:

"Lakin, əlbəttə ki, bu da məsələnin hamısı deyildi. Çünki sonrakı mərhələdə məhz 20 Yanvar şəhidlərinin, Birinci Qarabağ savaşının şəhidlərinin qanının yerdə qalmaması üçün Azərbaycan güclü ordu qurmağı bacardı. Ən müasir texniki təchizat və peşakar kadr komplektləşdirməsi apararaq, işğal altındakı torpaqlara azadlıq gətirəcək güclü bir ordu qurdu. 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan elə bir tarixi qələbəyə imza atdı ki, bu həm də 20 yanvar şəhidlərinin ideallarının reallaşması oldu. Xalqımızın uzun illərdən bəri arzu etdiyi, görmək istədiyi müstəqil Azərbaycanın suverenliyinin təntənəsi oldu. 20 Yanvar şəhidlərinin də, Birinci Qarabağ savaşının şəhidlərinin də qanı yerdə qalmadı. Bu gün onlar öz müqəddəs xiyabanlarında rahatlıqla uyuyurlar. Azərbaycanın qəhrəman oğulları yeni bir səhifə açaraq, Azərbaycan dövlətçiliyini yeni inkişaf mərhələsinə daxil etdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi zəfər həm də son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin layiqli cəzası oldu".

"Azərbaycan xalqının əldə etdiyi bu qələbə bir daha dosta da, düşmənə də göstərdi ki, aradan illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz ideallarına sadiqdir və nə qədər vaxt keçsə də, böyük əzmkarlıq və qətiyyətlə öz haqqını tələb etməyi və əldə etməyi bacarır. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Bəlli olduğu kimi, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib və inanırıq ki, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər bu ümidləri daha da gücləndirir", - H. Babaoğlu vurğulayıb.

2023-01-19 / 12:39
Facebook