Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bəyanat yayıb

 

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

Bəyanatı təqdim edirik:

“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyasının 2022-ci il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüfümüzü ifadə edirik.

Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin propaqanda aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına xidmət etmir, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni “humanitar fəlakət” ab-havası yaratmağa çalışırlar.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında tamamilə əsasız şəkildə Ermənistanın Azərbaycanın suveren əraziləri haqqında iddialarla çıxış etməsi qəbuledilməzdir və bu cür yanaşma Təhlükəsizlik Şurasının təməl prinsiplərinə ziddir.

Bir daha bildiririk ki, etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə sayğısızlıq, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.

Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur.

Etiraz aksiyasının keçirildiyi yerdən medianın, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan aydın görünür ki, humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələri sərbəst hərəkət edə bilir və bunun üçün aksiya iştirakçıları tərəfindən hər bir şərait yaradılır. Həmçinin ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin humanitar problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya “blokada”ya alınması kimi iddiaların heç bir əsası yoxdur.

Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir.

Biz həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinlərlə birgə yaşayışa dəvət edirik.

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.

Bəyanatı adları aşağıda qeyd olunan QHT-lər qəbul edib:

1. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi - İlqar Orucov

2. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi - Azər Allahverənov

3. "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi - Zaur İbrahimov

4. “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi - İsrayıl İsgəndərov

5. “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi - Nurəddin Mehdiyev

6. “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi - Günel Səfərova

7. “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi - Həsənov Sadiq Hüseyn oğlu

8. “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Balayev Səlim Loğman oğlu

9. “Eko-Aləm” İctimai Birliyi - Yüzbaşeva Sevil İsmayıl qızı

10. Ekoloji İnformasiya İctimai Birliyi - Muradlı Musa Heydər oğlu

11. “EkoSfera” Sosial Ekoloji Mərkəzi - Firuzə Sultanzadə

12. “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi - İsayeva Sevil Hacıbala qızı

13. “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi - Nəzərov Çingiz Manaf oğlu

14. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi - Yusubova Qəmzə Xanlar qızı

15. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi - Etibar Məmmədov

16. "Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi - Rahilə Mehtiyeva

17. Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi - Cəfərli Elman Niyazil oğlu

18. Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi - Hüseynli Rübabə Əlişirin qızı

19. “Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi - Hüseynov Tarverdi Tapdıq oğlu

20. Gənclər üçün Təhsil Mərkəzi - Fəxrəddin Həsənzadə

21. Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi - Həsənova İradə İsrafil qızı

22. “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyi - Rəşad Məmmədli

23. “Ortaq Dəyərlər” İctimai Birliyi - Aqil Camal

24. “Sağlamlığa Xidmət” İctimai Birliyi - Elçin Muxtarlı

25. “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi - Amin Məmmədov

26. “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi - Nərminə Qəribova

27. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi - Zaur Quliyev

28. “Gənclərin Töhfəsi” İctimai Birliyi - Məhsəti Hüseynova

29. “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi - Aynur Zülfüqarova

30. Milli Qeyri-Hökumət Təşkilatları Forumu - Rauf Zeyni

31. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı - Cəlil Xəlilov

32. Beynəlxalq Avrasiya Mətbuat Fondu - Umud Mirzəyev

2022-12-21 / 17:24
Facebook