Azərbaycanda respondentlərin 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inanır.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Rəy sorğusu Azərbaycan cəmiyyətinin Zəngəzur dəhlizinin açılması perspektivləri barədə nikbin mövqeyini göstərib.
Sorğuda iştirak edənlərin “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına olan münasibətini nəzərdən keçirsək, onların əsas hissəsi, yəni 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi əsasən inandığını bildirib. Respondentlərin 4,1 faizi əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Qarabağda yeni hərbi əməliyyatlar gözləntisi
44 günlük müharibədə qazanılan misilsiz qələbədən sonra Azərbaycan regionda sülhün, qarşılıqlı əlaqələrin və inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edib. Cari il münaqişədən sonrakı mərhələnin yeni reallıqları fonunda Azərbaycan və Ermənistan arasında münasibətlərin yaradılması və normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan baza prinsiplər ətrafında görüş və müzakirələr ilə xarakterizə olunub. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın dövlət sərhədində atəşkəs rejimini pozması, eləcə də Qarabağda qanunsuz silahlı birləşmələri saxlaması yeni hərbi əməliyyatların başlanması mövzusunu gündəmə gətirib. Bu istiqamətdə ictimai rəyi öyrənmək məqsədilə respondentlərə “Sizcə, Azərbaycan Qarabağda erməni silahlı qruplaşmalarına qarşı yeni hərbi əməliyyatlara başlamalıdırmı?” sualı ünvanlanıb. Respondentlərin 48,0 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəklədiyini bildirib. Həmçinin 39,6 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəkləmədiyini ifadə edib. Respondentlərin 12,4 faizi bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
Yeni hərbi əməliyyatların başlanmasını dəstəklədiyini bildirənlərə “Hərbi əməliyyatlar hansı hədəfə çatana kimi davam etdirilməlidir?” sualı ünvanlanıb və onlara bir neçə cavab variantı seçmək imkanı verilib. Sorğunun nəticələrinə əsasən, respondentlərin mühüm hissəsi, yəni 54,6 faizi hərbi əməliyyatların Xankəndi və ətraf ərazilər üzərində nəzarət tam təmin olunana kimi, 44,9 faizi Zəngəzur dəhlizi açılana kimi, 39,0 faizi sülh müqaviləsi imzalanana kimi davam etdirilməli olduğunu bildirib. Respondentlərin 29,4 faizinə görə, hərbi əməliyyatlar sərhədlər birgə razılaşdırılana kimi, 32,6 faizinə görə, erməni təxribatlarının qarşısı alınana kimi davam etdirilməlidir. Bu suala respondentlərin 12,3 faiz cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə hərbi əməliyyatların Xankəndi və digər ərazilər üzərində nəzarət tam təmin olunana kimi (40.4 faiz) və Zəngəzur dəhlizi açılana kimi davam etdirilməsi (28.5 faiz) fikri ilə çıxış edənlərin sayı artıb. Hərbi əməliyyatların sülh müqaviləsi imzalanana kimi (36.3 faiz), sərhədlər birgə razılaşdırılana kimi (24.8 faiz) və erməni təxribatlarının qarşısı alınana kimi davam etməsi fikri (20 faiz) ilə çıxış edənlərin sayında isə nisbi azalma müşahidə olunub.
Sülh və birgəyaşayışa ictimai münasibət
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə sorğuda iştirak edən vətəndaşlara “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını dəstəkləyirsiniz?” sualı ünvanlanıb. Rəyi öyrənilənlərin əhəmiyyətli hissəsi, yəni 73,1 faizi sülh müqaviləsini dəstəklədiyini bildirib. Respondentlərin 25,6 faizi sülh müqaviləsinin olmasını dəstəkləməyib. Respondentlərin cüzi hissəsi - 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, özünü beynəlxalq ictimaiyyətə sülh və sabitlik təşəbbüskarı kimi təqdim edən erməni əhali əslində sülhün tərəfdarı deyil.
Sülh müqaviləsinə ictimai dəstək ilə yanaşı, onun mümkünlüyü ehtimallarını qiymətləndirmək məqsədilə respondentlərin yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inam səviyyəsi də öyrənilib. “Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınız?” sualına münasibətini ifadə edən vətəndaşların 26,7 faizi tam inandığını, 29,0 faizi əsasən inandığını bildirib. Respondentlərin 29,5 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına heç inanmadığını, 11,0 faizi əsasən inanmadığını ifadə edib. Onların 3,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Göründüyü kimi, sentyabr ayında keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına tam inananların (28,3 faiz) sayında cüzi azalma qeydə alınsa da, əsasən inananların (25,2 faiz) sayı artıb. Sülh müqaviləsinin imzalanmasına olan ictimai dəstəyə baxmayaraq, onun reallaşmasına inamın müqayisə etibarilə az olması Ermənistanın sülh quruculuğu prosesindəki qeyri-konstruktiv mövqeyindən və davam edən hərbi təxribatlarından irəli gəlir.
Sorğu çərçivəsində respondentlərin Qarabağda ermənilərlə birgəyaşayış məsələsi haqqında təsəvvürləri də öyrənilib. Belə ki, “Sizcə, Qarabağda ermənilərlə birgəyaşayış mümkün olacaqmı?” sualına verilən cavablara əsasən, onların 55,9 faizi “heç bir halda”, 37,7 faizi “bəli, yalnız şərtlər daxilində” cavablarını qeyd edib. “Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 2,0 faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi “heç bir halda” mümkün hesab etməmişdi, 27,0 faizi ermənilərlə Qarabağda birgəyaşayışı “bəli, yalnız şərtlər daxilində” mümkün saymaqla müsbət yanaşma sərgiləmişdi.
Respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarının fəaliyyətini mənfi qiymətləndirib
Rəy sorğusunda respondentlərin Rusiya sülhməramlılarına münasibətinin təhlili maraqlı məqamlardan biri kimi diqqət çəkir. Belə ki, respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarına mənfi münasibət bildirdiyi halda, müsbət münasibətini ifadə edənlər 6.9 faiz təşkil edib. Bu suala 11.3 faiz respondent cavab verməkdə çətinlik çəkib.
Sorğuda respondentlərin “Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz?” sualına mövqeyi də soruşulub. Nəticələrə əsasən, ictimaiyyət bu məsələyə münasibətdə fərqli fikirlərə malikdir. Belə ki, sorğu iştirakçılarının 49,0 faizi sülhməramlıların beş il müddət tamam olanda Qarabağdan gedəcəyini düşünür. Halbuki 37,2 faizi onların Qarabağda qalmaq müddəti ilə bağlı qeyri-müəyyən qənaətdədirlər. Respondentlərin 13,8 faizi bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Ruben Vardanyanı Qarabağda Rusiyanın maraqlarını qoruyur, nəzarətini təmin edir
Sorğu çərçivəsində respondentlərin Xankəndi və ətraf ərazilərdə “dövlət naziri” kimi yeni təyin olunan Ruben Vardanyanın missiyası/rolu haqqında fikirləri soruşulub. Qeyd edək ki, sorğuda iştirak edənlərin təqribən yarısı sözügedən şəxs haqqında heç bir məlumata malik deyil. Bu barədə məlumatlı olanların rəylərinin təhlili maraqlı nəticələrə gəlməyə əsas verib. Belə ki, respondentlərin 18,8 faizi R.Vardanyanla bağlı “Qarabağda Rusiyanın maraqlarını qoruyur, nəzarətini təmin edir” cavab variantını qeyd edib. Həmçinin respondentlərin 16,9 faizi onun hər hansı rolu və missiyasının olduğunu düşünmür. Sorğuda iştirak edənlərin 9,7 faizi “Ermənilərin və Qərbin maraqlarını təmsil edir, müstəqilliyi hədəfləyir” cavabını bildirib. Sorğu iştirakçılarının 0,8 faizi R.Vardanyanın ermənilərlə birgəyaşayış və sülh üçün vəziyyəti müsbətə doğru dəyişə biləcəyi qənaətini bölüşüb. Respondentlərin 3,3 faizi bu barədə digər cavab variantlarını səsləndirib, 50,5 faizi məlumatsız olduğunu, yaxud fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib.
Qarabağın gələcəyi ilə bağlı ictimai təsəvvür
Respondentlərin yeni geosiyasi reallıq kontekstində, indiki halda Qarabağın gələcəyi ilə bağlı gözləntiləri öyrənilib. “Qarabağın gələcəyini indiki halda necə görürsünüz?” sualına münasibətdə sorğu iştirakçılarının 90,5 faizi Qarabağın gələcəyini Azərbaycanın nəzarətində gördüyünü bildirib. Bununla yanaşı, sorğuda iştirak edənlərin 3,1 faizi “xarici qüvvələrin müdaxiləsi şəraitində”, 4,6 faizi “müharibə vəziyyətində” cavablarını qeyd edib. “Ermənistanın nəzarətində” cavab variantını ümumiyyətlə səsləndirən olmayıb. Rəyi öyrənilənlərin 1,8 faizi isə bu suala fikrini ifadə etməkdə çətinlik çəkib.
Qarabağa qarşı hərbi təhlükə ehtimalı
Sorğuda həmçinin Ermənistanın Azərbaycana, Qarabağa qarşı hərbi təhlükə yaratmaq ehtimalına ictimai münasibət öyrənilib. “Ermənistanın Azərbaycana, Qarabağa qarşı hərbi təhlükə yaratmaq gücünü nə dərəcədə hesab edirsiniz?” sualına verilən cavabların təhlilinə əsasən, sorğuda iştirak edənlərin 76,4 faizi Azərbaycanın strateji yüksəklikləri artıq nəzarətə götürdüyünü, buna görə Ermənistanın təhlükə yaratmaq gücünün aşağı olduğunu bildirib. Respondentlərin 13,9 faizi hesab edir ki, sərhəddə vəziyyət qeyri-müəyyəndir və Ermənistanın nisbətən təhlükə yaratmaq gücü var. Cəmi 4,9 faiz respondentin fikrincə, Ermənistan Qarabağı hər an işğal edə bilər, təhlükə yaratmaq gücü yüksəkdir. Bu suala respondentlərin 4,8 faizi cavab verməkdə çətinlik çəkib.
Ermənistanın dövlət sərhədlərinə münasibət
Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışında səsləndirdiyi “Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır” fikirlər Ermənistanda ciddi reaksiyalara səbəb olmuşdu. Hətta bir sıra erməni ekspertlər Nikol Paşinyanın öz çıxışı ilə faktiki olaraq ölkənin suveren ərazisini müzakirə üçün irəli sürməsini kəskin tənqid etmişdi. Bu fonda Azərbaycan cəmiyyətinin sözügedən məsələyə mövqeyini öyrənmək məqsədilə sorğu çərçivəsində respondentlərə "Ermənistan dövlətinin ərazisini" hansı sərhədlər daxilində tanıyırsınız?” sualı verilib. Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 22,6 faizi Ermənistan dövlətinin ərazisini Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər daxilində, 16,2 faizi sovet dövründəki sərhədlər daxilində, 11,5 faizi 44 günlük müharibədən sonra, indiki halda müəyyən ediləcək sərhədlər daxilində tanıyır. Respondentlərin 41,3 faizi Ermənistan dövlətinin ərazisini tanımadığını bildirir. Sorğu iştirakçılarının 3,3 faizi bu suala digər cavab variantlarını verib. Respondentlərin 5,1 faizi cavab verməkdə çətinlik çəkib.
İran və İsrail ilə münasibətləri
Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevin İranla bağlı çıxışlarına ictimai münasibət kifayət qədər müsbətdir. Belə ki, Prezidentin bu istiqamətdə çağırışlarına münasibəti öyrənmək məqsədilə sorğu iştirakçılarına “Prezidentin “İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik, onlar bizim millətin bir parçasıdır” mövqeyini dəstəkləyirsiniz?” sualı ünvanlanıb. Əldə olunan nəticələrə əsasən, sorğu iştirakçılarının 67,2 faizi “tam dəstəkləyirəm”, 19,0 faizi “əsasən dəstəkləyirəm” cavabını verib. Respondentlərin cəmi 2,1 faizi isə əsasən dəstəkləmədiyini, 6,7 faizi heç dəstəkləmədiyini bildirib. Respondentlərin 5,1 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
İranda baş verən etirazlara ictimai münasibətin təhlili maraqlı məqamları üzə çıxarıb. Respondentlərin 21,3 faizi etirazların İran dövlətinin parçalanması ilə nəticələnə biləcəyi, 31,0 faizi etirazların məhz rejim dəyişikliyinə gətirib çıxaracağı ehtimalını bölüşüb. Sorğuda iştirak edənlərin 12,8 faizi “Etirazlar rejimi dəyişməz, lakin hüquq və azadlıqların güclənməsi ilə nəticələnə bilər” mövqeyini qeyd edib. Respondentlərin 14,2 faizi respondent etirazların ciddi nəticələrinin olacağını güman etmədiyini bildirib. Sorğuda iştirak edənlərin 1,8 faizi digər cavab variantlarını səsləndirib, 18,9 faizi bu barədə ümumiyyətlə məlumatsız olduğunu, yaxud cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Sorğunun nəticələrinə əsasən, Azərbaycanın İsraildə səfirlik açmasına ictimai münasibət əsasən müsbətdir. Belə ki, “Azərbaycanın İsraildə səfirlik açmasına münasibətiniz necədir?” sualına sorğuda iştirak edənlərin 61,0 faizi “İsrail etibarlı tərəfdaşdır və səfirliyin olmasını zəruri hesab edirəm” cavabını qeyd edib. Sorğu iştirakçılarının 11,3 faizi “İranla qonşuluğu nəzərə alaraq bu məsələdə ehtiyatlı olmaq lazımdır” fikrini ifadə edib. Rəyi öyrənilənlərin 4,1 faizi İsraildə səfirliyin açılmasını ümumiyyətlə dəstəkləmədiyini bildirib. Həmçinin respondentlərin 14,6 faizi bu məsələdə bitərəf mövqe sərgiləyərək “Mənim üçün fərqi yoxdur” cavabı variantını seçib. Respondentlərin 9,0 faizi bu barədə mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Regionda əsas güc mərkəzləri
Sorğu əsnasında Vətən müharibəsindən sonra regionun geosiyasi reallıqları fonunda Azərbaycanın və digər dövlətlərin regiondakı mövqeyinə, güc imkanlarına ictimai münasibət də öyrənilib. Bu məqsədlə respondentlərə “Sizcə, hazırda regionda əsas güc mərkəzləri, söz sahibləri hansı dövlətlərdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 82,3 faizi Azərbaycanı, 78,5 faizi Türkiyəni yəni regionda əsas güc mərkəzi və söz sahibi olaraq görür. Maraqlıdır ki, bütövlükdə türk dünyasının regionda əsas güc mərkəzi kimi rolu sorğu iştirakçılarının 21,3 faizi tərəfindən qeyd olunub. Respondentlərin 32,6 faizi “Rusiya” cavab variantını, cəmi 2,3 faizi “İran” cavab variantını qeyd edib. Sorğu iştirakçılarının 5,1 faiz digər cavab variantlarını səsləndirib. “Ermənistan” cavab variantını ümumiyyətlə, seçən olmayıb, respondentlərin 1,8 faizi bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda Azərbaycanın Qarabağ ərazisində erməni birləşmələrinə qarşı yeni hərbi əməliyyatların keçirilməsi zərurəti və hədəfləri, postmüharibə dövrünün yeni reallığı kontekstində nəzərdə tutulan sülh və birgəyaşayış perspektivləri, Qarabağ ətrafında və regionda yaranan geosiyasi vəziyyətin ictimai rəydə qiymətləndirilməsi məqsədilə əhali arasında rəy sorğusu keçirib.
Sorğu dekabrın 5-11-i tarixlərində keçirilib.
Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyənləşdirilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.