Fransa prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində bu dəfə hər şeyi açıq ortaya qoydu. Tarixi ədalətsizlik və genosid ləkələri ilə zəngin olan bir ölkənin prezidentinin dedikləri, əslində, təəccüblü olmamalıdır, ancaq Makronun məntiqi və yalanlarının miqyası, sadəcə, məyusluq doğurur.
“Azərbaycanın ortasında yerləşən mübahisəli ərazi?!”- Ağlını itirmək budur
Keçək mətləbə. Makron müsahibəsində Ermənistan haqqında danışarkən Fransanın bu ölkə ilə xüsusi münasibətlərinin olduğunu bildirir, bunu onunla əsaslandırır ki, Ermənistan hər zaman regionda sülh və tolerantlıq uğrunda mübarizə aparıb.
Fransanın Ermənistanla xüsusi münasibətlərinin olduğu məlumdur. Lakin o da məlumdur ki, Ermənistan heç vaxt regionda sülh və tolerantlıq uğrunda mübarizə aparmayıb. Çünki “tolerant” Ermənistan artıq çoxdandır monoetnik ölkədir. Qonşu ölkənin sülh uğrunda mübarizə apardığına gəlincə, Ermənistan regionda və dünyada işğalçı kimi tanınır. Qonşu ölkənin işğalçı olduğu Fransanın da daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə ilə də təsbit olunub. Makronun prezidenti olduğu Fransadan gedir söhbət...
Azərbaycana və Türkiyəyə nifrətini gizlətməyən Makron müsahibəsində bildirir ki, iki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə baş verib. O, “Ermənistan Dağlıq Qarabağ adlanan, beynəlxalq səviyyədə tanınmayan, Azərbaycanın ortasında yerləşən mübahisəli ərazidəydi. Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və bu ərazini tutdu” deyir.
Azərbaycan 2020-ci ilin payızında Vətən müharibəsi apararaq, ərazi bütövlüyünü bərpa edib. Makronun Azərbaycanın tutduğu dediyi ərazilər isə bütün sənədlərdə və beynəlxalq səviyyədə elə Azərbaycanın öz ərazisi kimi qəbul edilib. Fransanın həmsədr olduğu Minsk qrupu da 30 il ərzində apardığı danışıqlarda, münaqişənin nizamlanması üçün hazırlanan təklif və sənədlərdə ən azı Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycan ərazisi olduğu heç vaxt şübhə altına alınmayıb və Azərbaycana qaytarılmalı olduğu əksini tapıb. Təbii ki, Makron da bundan xəbərsiz deyil. Lakin bunları bilə-bilə ərazilərini 30 illik işğaldan azad edən Azərbaycana “işğalçı” demək ancaq Makronun ağlına gələ bilərdi.
Makronun “yadına düşən” “Almatı sənədi”
Fransa prezidenti bu ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş vermiş silahlı toqquşmadan danışarkən yenə də Azərbaycanı ittiham edir, deyir: “Bu ilin sentyabrında Azərbaycan güman ki, digər ərazisi ilə arasında dəhliz açmaq üçün sərhəddə bir neçə hücum əməliyyatı həyata keçirdi. Biz birmənalı olaraq bunu qınadıq. Biz Avropa İttifaqının sədri ilə Ermənistanın Baş nazirini və Azərbaycan Prezidentini bir araya gətirdik və qərara gəldik ki, tərəflər ilk növbədə 1991-ci il sərhədlərini tanımaq barədə üzərlərinə öhdəlik götürməlidir”.
Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhəd mövcud deyil. Ermənistanın 1992-94-cü illərdə həyata keçirdiyi işğallar nəticəsində iki ölkə arasında sərhəd xətti dəqiqləşməyib. Ermənistan 30 il ərzində indi sərhəd dediyi əraziləri keçib, Azərbaycanın içərilərinə doğru irəliləyib, sərhədboyu rayonları işğal edib. Makronun məntiqi ilə yanaşsaq, Ermənistan 30 il ərzində Azərbaycanla sərhədləri pozmuş sayılmalı, bu əməlinə görə qınanmalı, təzyiqə və sanksiyalara məruz qalmalı idi. Ancaq bunun tam əksi oldu, işğalçı daim dəstəkləndi, işğala təşviq olundu. Ermənistan Azərbaycan ərazilərini, eləcə də sərhəddə yerləşən rayonları elə Makronun istinad etdiyi elə həmin Almatı Bəyannaməsinin 1991-ci ildə qəbul olunmasından sonra işğal edib. Bu sənəd 31 ildir mövcuddur, niyə indi yada düşdü? Maraqlı digər məqam odur ki, Almatı Bəyannaməsinə imza atan MDB ölkələrinin əksəriyyəti bu sənədə əməl etməyib və etmir. Artıq qeyd olunduğu kimi, Ermənistan bu sənədin qəbulundan sonra Azərbaycanın ərazilərinin 20 faizini işğal edib, Qırğızıstan və Tacikistan illərdir bir-birinə qarşı ərazi iddiası ilə çıxış edir, bu gün faktiki müharibə vəziyyətindədirlər. Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeridib, orada hərbi əməliyyat keçirib, bu ölkənin ərazisindəki separatçı Abxaziya və Cənubi Osetiyanı “dövlət” kimi tanıyıb, hazırda isə Ukraynaya qarşı müharibə aparır. Bu halda Almatı sənədinin beynəlxalq hüquqda yeri hardadır?
Söhbət sərhəddən gedirsə, Ermənistan SSRİ dağılandan sonra məlum olan ərazidə sərhədini müəyyənləşdirər, sərhəd dirəkləri basdırar, müstəqillik qazanandan sonra İranla sərhədini qoruyan Rusiya sərhədçilərini Azərbaycanla sərhədə də gətirərdi. Bunu etmədiyinə, sərhəd müəyyənləşmədiyinə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyinə görə hazırda Makronun sərhəd dediyi həmin ərazi hələlik sadəcə təmas xətti sayıla bilər.
Azərbaycan isə təmas xəttində düşmənin təcavüzkar əməllərinin qarşısını almaq üçün bu ilin sentyabrında haqlı olaraq əməliyyat keçirib, hücuma hazırlaşan Ermənistan ordusunun mövqelərini darmadağın edib.
Azərbaycan istəsəydi, sentyabr əməliyyatlarının miqyasını genişləndirər, Ermənistanın içərilərinə doğru irəliləyərdi. Lakin məqsəd bu deyildi. Sentyabr əməliyyatları zamanı Azərbaycan Ordusu Ermənistanın heç bir yaşayış məntəqəsinə girməyib, yalnız təhlükənin qarşını almaq üçün düşmənə layiqli cavab verib.
Makrona sual: Ermənistanın sərhədlərini qoruyan Rusiya onu necə zəiflədir?
Makron Rusiya ilə son vaxtlar yaşanan problemlər fonunda müsahibəsində Moskvanı Ermənistan üzərindən ittiham etmək fürsətindən də yararlanıb.
“Bu iki il ərazində sərhəddə nə baş verdi? Orada 5 min Rusiya hərbçisi var. Rusiya bu konfliktdən istifadə edərək, Azərbaycan və Türkiyənin müştərək oyununa daxil oldu, Ermənistanı zəiflətmək üçün ora qayıtdı. Burada baş verənlər Rusiyanın destabilləşdirici manevridir. Rusiya bizim hamımızı zəiflətmək və bölmək üçün Qafqazda iğtişaşlar yaratmağa çalışır” deyib Fransa lideri.
Rusiyanın Ermənistanda hərbi bazası var, Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur, Ermənistanın təhlükəsizliyini Rusiya təmin edir, Ermənistan iqtisadiyyatı Rusiyadan birbaşa asılıdır. Bir sözlə, Ermənistan Rusiyanın şəksiz forpostudur. Belə olan halda, “Rusiya Ermənistanı zəiflədir” məntiqinin izahı varmı? Rusiyanın Ermənistanın nəinki zəiflətməsi, ümumiyyətlə, bir dövlət kimi yox olmasından ötrü əlində saysız-hesabsız alətləri mövcuddur. Odur ki, Makronun Rusiyanı Ermənistan üzərindən də hədəfə gətirmək niyyəti aşkardır. Halbuki Makronun yaxşı yadında olmalıdır ki, artıq tarix olan həmsədrlik zamanı işğalçı Ermənistanın mövqeyini elə Rusiya ilə birlikdə dəstəkləyirdilər.
Bu bəyanatlardan sonra vasitəçiliyə yer qalırmı?
Təəccübləndirən digər məqam odur ki, bütün bunlardan sonra Makron deyir: “Fransa burdadır və vasitəçi dövlətdir, biz erməniləri atmayacağıq”.
Cənab Makron hesab edir ki, bütün bunlardan sonra Fransa Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər. Bəzi məqamlarda ağılın və məntiqin acizliyi ilə üz-üzə qalırıq, bu da o hallardandır. Hər halda bu vəziyyətdə Fransanın vasitəçi dövlət olduğunu söyləmək üçün başqa keyfiyyətlərə malik olmalısan.
Fransanın son vaxtlar Azərbaycan-Ermənistan məsələsinə aktivlik nümayiş etmək niyyəti aydın hiss olunur. Paris gündəmdə olmayan məsələləri qabardır, danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərir. Lakin Makron və ölkəsi anlamalıdır ki, Azərbaycan üçün onların limiti artıq bitib. Fransa bundan sonra heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Qəti ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir.
Son proseslər göstərir ki, Fransa Brüssel formatını da mənimsəməyə çalışır. Bu isə Fransanın Azərbaycana qarşı planlar qurmasını düşünməyə əsas verir. Elə Makronun “France2” telekanalına müsahibəsindən də bu aydın görünür.
Paris, nəhayət, anlamalı və qəbul etməlidir ki, Azərbaycan xalqı və rəsmi Bakı artıq Fransaya inanmır, inana da bilməz. Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın bu prosesdə iştirakının qəti əleyhinədir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini “işğal” kimi qiymətləndirən, Bakıya “işğalçı” deyən Makron hansı vasitəçiliyə ümid edir?
Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, müsəlman ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara qarşı dini və irqi ayrı-seçkiliyi məlum həqiqətlərdir. Bundan başqa, Fransa Azərbaycanla qardaşlıq münasibətlərinə malik olan Türkiyəyə qarşı da düşmənçilik siyasəti yürüdür, qondarma “erməni soyqırımını” tanıyıb, beynəlxalq arenada hər zaman Ankaranın əleyhinə mövqe tutur. Türkiyənin Avropa İttifaqına üzv olmasının əsas əleyhdarlarından biri məhz Fransadır. Sadalanan və sadalanmayan bütün faktlar Parisin vasitəçilik niyyətini xəyala çevirir.
Makronun müsahibəsindən çıxan başqa bir maraqlı nüans da var. Özünü vasitəçi adlandıran Makronla Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarını və mövqelərini müqayisə etdikdə, Paşinyanın Makrondan daha çox vasitəçi kimi çıxış etdiyi, münaqişənin həllinə daha çox dəstək vermək niyyətində olduğu qənaətinə gəlmək olur. Odur ki, Fransanın vasitəçiliyi ilə danışmaqdansa, Paşinyanla birbaşa ünsiyyət daha məntiqlidir.