Diplomatik korpus nümayəndələri Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyib

 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyib.
Diplomatlar Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxış keçiriblər.
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.
O deyib ki, 30 illik işğal dövründə bu şəhərlər, kəndlər tamamilə dağıdılıb, ancaq Azərbaycan bu torpaqları yenidən bərpa edəcək.
"Bu mənzərəni siz bütün azad olunmuş ərazilərdə görəcəksiniz. İşğal dövründə 8 şəhər tamamilə dağıdılıb, kəndlər silinib, bu işğalın nəticəsidir. Biz bu torpaqlarda yaşamı bərpa edəcəyik, minaları təmizləyib daha yaxşı şəhərlər, kəndlər tikəcəyik ki, vətəndaşlarımız qayıdıb burda evlərində gözəl həyat sürsünlər. Siz bizim mina təmizləmə agentliyinin əməkdaşları gecə-gündüz işləyir ki, bu əraziləri təmizləsin, bu ərazilər mina ilə ən çox çirklənmiş ərazilərdir. Bu gün siz bu prosesi öz gözünüzlə görəcəksiniz", Emin Hüseynov deyib.
Daha sonra ANAMA-nın əməkdaşı mina təmizləmə prosesi barədə diplomatlara məlumat verib.
O deyib ki, Dövlətyarlı ərazisindən indiyədək 38 partlamamış hərbi sursat aşkar olunub.
2022-08-26 / 18:13
Facebook