İcma sədrinin müavini: “Ermənistan Konstitusiyası Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təminatçısı olmalıdır” - MÜSAHİBƏ

 

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlunun APA-ya müsahibəsi

- "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrildi. Bu dəyişikliyə səbəb nə oldu?

- 2020-ci ildə Azərbaycan tarixi bir zəfər imza ataraq ərazi bütövlüyümüzü bərpa etdi. Bu hadisə istər Azərbaycanın dövlətçilik, istərsə də ictimai-siyasi münasibətlər sistemi tarixində tamamilə yeni bir səhifə açdı. Strateji baxımdan mühüm olan belə hadisələr özlüyündə yeni milli çağırışlar yaradır. Ən yaxın siyasi keçmişimizin əsas çağırışlarından biri isə bu gün Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindən zorla çıxarılaraq qaçqın vəziyyətinə gətirilmiş soydaşlarımızın hüquqlarının bərpa edilməsi ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti adı bir qədər mücərrəd idi və baş vermiş hadisə ilə bağlı informasiyanı öz məzmununda lokalizə edə bilmirdi. Yəni kimin, haradan və nə üçün qaçqın olması bu adlandırmada əks olunmurdu. Ancaq “Qərbi Azərbaycan İcması” adı özlüyündə təşkilat haqqında ilkin məlumat verir, tarixi torpaqlarımızı yada salmaqla milli yaddaşa xitab edir, icma kimi öz Vətənimizə qayıtmaq hüququmuzu xatırladır və hədəf göstərir. Hədəfimiz isə doğma yurd yuvamıza qayıtmaqdır.

- Yeni təşkilatın Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın birləşməsində, təşəkkülündə nə kimi rolu gözlənilir?

- Qərbi Azərbaycan İcması üzvlərini birləşdirən ortaq dəyərlər, uyğun sosial-coğrafi identifikasiya, ortaq məqsəd və vəzifələr, ortaq dərd və həsrət hissləridir. Ona görə də bu gün aktual olan çağırış onların bu birliyini səfərbər edərək vahid məqsəd uğrunda istiqamətləndirməkdir. Yəni, beynəlxalq hüquqla onlara tanınan təməl hüququn - insanın doğulduğu yerdə yaşamaq hüququnun realizə edilməsi istiqamətində fəal mübarizəyə qoşmaqdır. Bu istiqamətdə görüləcək işlər həddindən artıq çoxdur.

- Əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilməsi üçün İcma hansı işləri görəcək?

- Qərbi Azərbaycan İcması özünün yeni Nizamnaməsinə uyğun olaraq fəaliyyət proqramını müəyyənləşdirəcək. Mənəvi-psixoloji baxımdan bu sahədə heç bir problem yoxdur. Yəni, Qərbi Azərbaycanda doğulmayan yeni nəsil belə qeydsiz-şərtsiz öz ata-baba yurdlarına qayıtmağa hazırdır. Ancaq hüquq-siyasi baxımdan bu məsələ o qədər də sadə deyil. Nəticə etibarilə söhbət beynəlxalq hüququn müstəqil subyekti hesab edilən bir dövlətdən və ona vətəndaş olmaq hüququnun bərpa edilməsindən gedir. Ona görə də icma məhz bu iki istiqamət üzrə xüsusi səylər göstərəcək. Yəni, Qərbi azərbaycanlıların vətəndaşlıq hüququnun bərpa edilməsi üçün beynəlxalq hüququn tanıdığı bütün mümkün mexanizmlərdən istifadə etməklə məqsədə çatmaq və bu prosesdə erməni cinayətlərini ifşa etmək və s.

- Qayıdış və sülh içində birgəyaşayış mümkündürmü?

- Birgəyaşayış məsələsi belədir ki, əslində, Qərbi Azərbaycanın son 200 illik tarixində - yəni ermənilərin Çar Rusiyası tərəfindən Azərbaycanın Qərbinə köçürülməsindən sonra həmin ərazidə azərbaycanlılarla ermənilərin birgəyaşayış təcrübəsi var. Bu təcrübənin məqbul olub-olmaması tamamilə başqa sual olsa da, bütün hallarda söhbət belə bir təcrübənin real zaman ərzində mövcud olmasından gedir. Əgər bu faktdırsa, deməli, yenidən birgəyaşayış mümkündür. Baxmayaraq ki, son 30 ildə formalaşan yeni nəsil tamamilə fərqli ictimai münasibətlərin sosial məhsuludur, hər halda sosial-mənəvi körpü rolunu oynayacaq orta və yaşlı nəsil hələ də mövcuddur. Ona görə də əhəmiyyətli olan dövlətin və onun funksional institutlarının davranışı olacaq. Bu gün necə Azərbaycan bəyan edirsə ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatçısı Azərbaycan Konstitusiyasıdır, eləcə də Ermənistan bəyan etməlidir ki, İrəvana, Göyçəyə, Zəngəzura, Ağbabaya, Zəngibasara gələcək azərbaycanlıların təhlükəsizliyinin təminatçısı Ermənistan Konstitusiyasıdır. Düşünürəm ki, bu, gec-tez belə də olmalıdır. Çünki Qərbi azərbaycanlıların öz yurdlarından çıxarılması birbaşa keçmiş Qarabağ münaqişəsi ilə bağlıdır. Əgər bu gün Qarabağ problem yoxdursa, ermənilər Azərbaycan ərazisində yaşayırlarsa, nəyə görə azərbaycanlılar Ermənistanda yaşamamalıdır?

- Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın folklorunun, oradakı qədim yer adlarının, mədəniyyətinin öyrənilib gələcək nəsillərə çatdırılması yönündə hansı işlər görüləcək?

- Azərbaycanlılar Ermənistanın 22 inzibati rayonunda yaşayırdılar. Bu, olduqca geniş etno-mədəni coğrafiyadır. Yəni, Azərbaycanla həmsərhəd olan Göyçə, Zəngəzur, Vedibasardan başlamış, Türkiyə ilə həmsərhəd olan Zəngibasara, Ağbabaya, yaxud Gürcüstanla həmsərhəd olan Calaloğu, Hamamlıya qədər Ermənistanın bütün ərazisində azərbaycanlılar yaşayırdı. Ona görə də folklor, dialekt, ləhcə ,məişət və mətbəx ənənələri də olduqca zəngin idi. Bunların hamısı öyrənilməli və təbliğ edilməlidir.

- Ümumiyyətlə, icmanın əsas fəaliyyət istiqamətləri nələr olacaq? Hansı işləri prioritet götürəcək? Qərbi azərbaycanlılara qaçqın statusu verilə bilərmi?

- Qərbi azərbaycanlıların statusu elə Qərbi azərbaycanlı olmalarıdır. Ancaq vətənə, yurd-yuvamıza qayıdış üçün hər hansı hüquqi statusa ehtiyac olarsa, düşünürəm ki, dövlətimiz bunu tərəddüd etmədən verə bilər.

- Belə olan halda Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanunlara yenidən baxılması mümkündürmü? Bununla bağlı İcma tərəfindən Milli Məclisə təklif verilə bilərmi? Qərbi azərbaycanlıların sənədlərinin bərpası mümkün olacaqmı?

- Hazırda Qərbi Azərbaycan İcması yeni statusda fəaliyyətə başlayır. Qanunvericilikdə, yaxud hüquqi statusda hansısa zəruri dəyişikliyə ehtiyac yaranacaqsa, bu istiqamətdə lazımi addımlar dərhal atılacaq. Sənədlərin böyük bir qismi mövcuddur. Orta məktəbi bitirmək haqqında sənədlərdən tutmuş, doğum şəhadətnaməsinə, partiya və komsomol biletlərinə qədər ən müxtəlif sənədlər hər bir Qərbi azərbaycanlının, o cümlədən mənim şəxsi arxivimdə mövcuddur. Ancaq yeni şəxsiyyət vəsiqələri verilərkən Qərbi azərbaycanlıların Ermənistan tərəfindən verilmiş pasportları kütləvi şəkildə yığıldı. Düşünürəm ki, onların harada olması, yaxud necə bərpa olunub olunmaması məsələsi lazım gəldiyi vaxt dəqiqləşdirilə bilər.

2022-08-09 / 16:16
Facebook