"Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyuldu" - RƏY

 

"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksələn dinamika ilə inkişaf edir. Bu münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir:

"Hazırki siyasi çərçivədə iki tərəfin əlaqələrinin əsas kökünü təşkil edən "Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri" adlı sənəd mövcuddur. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının həmin vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Ümumilikdə Azərbaycanla Aİ arasında bir çox sənədlər imzalanıb".

Deputat xatırladıb ki, 2021-ci ilin dekabr ayında isə qarşılıqlı razılıq əsasında “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd 2024-cü ilədək uzadılıb:

"Bu da münasibətlərimizin inkişafı istiqamətində çox mühüm addımdır. Ümumilikdə, bu sənədə uyğun olaraq ən vacib məqamlardan biri də odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyini götürərək gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib".

C.Osmanov vurğulayıb ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın ticarətinin 40 faizdən çoxu məhz Aİ-yə üzv dövlətlərinin payına düşür:

"Biz son dövrlər Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atdığını görürük. Belə ki, Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında üç dəfə görüşlər keçirilib. Brüsseldə keçirilən görüşlərdən sonra səsləndirilmiş bəyanatlar Aİ- Azərbaycan münasibətlər çox uğurlu olub. Aİ də Azərbaycanın təqdim etdiyi sülh gündəliyini məhz masa üzərində müzakirə predmetinə çevirib. Azərbaycan tərəfindən yaradılan reallığı qəbul edib".

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyini şaxələndirən, təmin edən bir ölkədir:

"Azərbaycan-Aİ arasında enerji sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilir. Biz buna misal olaraq, 2006-cı ildə Brüsseldə imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu, 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərə bilərik. Bundan əlavə, 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilədək uzadılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb və müxtəlif zamanlarda 8 iclas keçirilib. Beləliklə, qarşıda duran prioritetlər müəyyənləşdirilib. Eyni zamanda biz bilirik ki, 2020-ci ilin dekabr ayının sonunda TAP layihəsinin işə düşməsi ilə Azərbaycan qazının Qərbə verilməsi təmin edilib. Beləliklə, əlbəttə, əlaqələrimiz daha da gücləndi”.

Deputat vurğulayıb ki, iyul ayının 18-də Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyulub:

“Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Azərbaycana səfəri və bu səfər çərçivəsində Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memarondumunun imzalanması ilə Aİ-nin Azərbaycanı özünə əsas enerji tərəfdaşı seçməsinin göstəricidir. Bu sənədin nəticəsində Azərbaycanın Avropanın enerji təminatını ödəməsi istiqamətində yeni səhifə açıldı. Memarondumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir”.

2022-07-19 / 13:17
Facebook