Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov: “Regionlarda rəqəmsal idarəetmə günün tələbidir”

 

“Yüksəliş” müsabiqəsinin üç gün davam edəcək final mərhələsinin ilk günü başa çatıb. Final mərhələsinin “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda gedən müzakirənin ikinci paneli yekunlaşıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov iştirakçılara regionlarda həyata keçirilən rəqəmsal layihələr barədə məlumat verib. O, ictimai nəqliyyatda ödəniş sistemləri, rəqəmsal xəritəçilik, elektron müraciət sistemi və sair layihələrin həyata keçirilməsi haqqında danışıb, finalçılara tövsiyyələrini verib. Tahir müəllim həmçinin qeyd edib ki, regionlara rəqəmsal idarəetmə günün tələbidir, müasir idarəetmədə düzgün və obyektiv qərarlar vermək üçün datalar və onların analizi mühüm əhəmiyyət daşıyır. Rəqəmsal layihələr isə bu cür dataların toplanması üçün xüsusilə əhəmiyyətlidir.
Panel iştirakçısı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə insan bacarıqlarının inkişafından söz açıb: “Təhsil prosesində ötürülən yeni biliklər insanın bacarıqlarının inkişafının əsas mənbəyidir. Söhbət ilk növbədə innovasiya bacarıqlarından gedir: Təhsilin generasiya funksiyası (yeni ideyalar), Təhsilin dəyişdirici, çevrici funksiyası (elmi tədqiqatların texnologiya, məhsul və xidmətə çevrilməsi), Kommersiyalaşdırma funksiyası (texnoparklar, patentləşmə, texnoloji transfert və s.). Hər 7 ildən bir peşələrin, ixtisasların 40-50%-i öz əhəmiyyətini itirir. Hazırki tələbələr gələcəkdə orta hesabla 3-5 dəfə ixtisaslarını dəyişməli olacaqlar. Məşğul gənclərin ancaq 55% hissəsinin öz təhsil istiqamətləri üzrə işlədiyi güman edilir.”
Qeyd edək ki, paneldə həmçinin “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, idarəçi rəhbər Orxan Məmmədov da çıxışlarında finalçılara öz şəxsi idarəçilik təcrübələrini bölüşüblər.
Daha sonra idarəçi rəhbərlər finalçıları təbrik edib, onlara 2 gün davam edən mübarizədə uğurlar arzulayıblar.
Qeyd edək ki, sabah finalçıları gərgin və maraqlı mübarizə gözləyir.
2022-07-16 / 16:13
Facebook