Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə iyul ayında rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçiriləcək.
Nazirlikdən verilən xəbərə görə, bununla əlaqədar ölkəmizə İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan rəssamların səfəri planlaşdırılır.
Xarici rəssamlar isə yanaşı, layihədə Rəşad Mehdiyev, Vüqar Muradov, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar da iştirak edəcəklər.
Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Dəvət olunan xarici rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcək.
Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rəssamların emalatxanalarında görüşlər təşkil olunacaq, rəsm qalereyaları ziyarət olunacaq və təsviri sənət sahəsində müasir çağırışlara dair müzakirələr aparılacaq.