Prezident İlham Əliyev: Azərbaycanın igid hərbçiləri olmasa idi, BMT qətnamələri daha 28 il kağız üzərində qalacaqdı

 

Mən sizə deyə bilərəm ki, Azərbaycan və Ermənistan arasında olan münaqişə ilə bağlı vəziyyət yalnız regional məsələ deyildi, bu qlobal məsələ idi. Çünki bu, təkcə beynəlxalq prinsiplərin deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və icra olunmaması idi.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında deyib.

“1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Və sual odur ki, niyə bu qətnamələr icra olunmadı? Heç kim cavab verə bilmir. Bəlkə də cavab vermək istəmirlər. Digər bir sual odur ki, niyə bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə günlər içərisində həyata keçirilir, lakin bizimlə bağlı 28 il idi ki, onlar yalnız kağız üzərində idi”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, əgər Azərbaycanın igid hərbi qulluqçuları olmasa idi, BMT qətnamələri daha 28 il kağız üzərində qalacaqdı.

2022-06-30 / 16:40
Facebook