Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri geniş miqyas alıb

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir. Postmüharibə dövründə sosial dəstək tədbirləri 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.

Müharibədən sonra elə ilk günlərdən Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilərək, onlara sosial təminat hüquqlarına dair məlumat verilib. Bu şəxslərə sosial ödənişlərin təyin olunması işlərinin operativ təşkili üçün həmin günlərdən xüsusi işçi qrup yaradılıb. Şəhid ailələrinin üzvlərinə, habelə Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesini e-sistem üzərindən proaktiv qaydada həyata keçirilərək yekunlaşdırıb.

Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və qazilərdən ibarət ümumilikdə 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.

2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən sosial müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70 faiz, yaşa görə orta aylıq pensiya 75 faiz artıb.

Dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. 2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzilin, ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi evin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyalardan olan şəxslərə verilməsi təmin olunub. 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, həmin müharibənin əlillərinin də keçən ilin əvvəlindən mənzillə təminatı həyata keçirilir. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə də 1500-dək, bu il 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri də ardıcıl xarakter alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb.

Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 648 işəgötürən qoşularaq 4561 vakansiya təqdim edib. Marafon çərçivəsində artıq 2400-ə yaxın şəxs işlə təmin olunub. Onlardan 1998 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir. 2022-ci ilin 5 ayı ərzində peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır. Ödənişli ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi və s. proqramlar çərçivəsində də şəhid ailəsi üzvləri, müharibə iştirakçılarının məşğulluğuna dəstək verilməsi işləri aparılır.

Müharibədən sonra elə ilk günlərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları müharibədə yaralanmış hərbçiləri evlərində və ya müalicə aldıqları xəstəxanalarda ziyarət edərək, ilkin müayinə və qeydlər aparıblar. Növbəti mərhələdə aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya tərəfindən həmin qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işləri yerinə yetirilib.

Müvafiq sənədlər e-sistemlərə daxil edildikdən sonra agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Qazilərin əlillik müddətləri bitdikcə və sənədləri əlillik üzrə e-sistemə daxil edildikcə bu qiymətləndirmələr davam edir. Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib, bu ilin 5 ayında da əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.

Müharibədə yaralanmış qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı prioritet fəaliyyət istiqamətidir və nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır.

Bu mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil elektron protezlərlə təminatı proqramı uğurla icra olunub.

Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Eyni zamanda. Qazı və şəhid ailələrinin üzvlərindən ibarət 2 954 ailənin 5 min üzvünə sosial-psixoloji dəstək göstərilib.

2022-06-21 / 12:39
Facebook