Prezident: “Azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən istifadə edə bilmirlər, biz bununla razılaşmayacağıq”
"Ermənistan tərəfindən kommunikasiyaların açılmasının qəsdən ləngidilməsi regionda disbalans yaradır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır.
“Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma bu vaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq. Ona görə də mən düşünürəm ki, Ermənistan tərəfindən bizə bu gediş-gəlişin verilməsinin qəsdən ləngidilməsi qeyri-məhsuldardır. Bu, mənə Ermənistan tərəfinin davamlı olaraq gecikmələrlə vaxt qazanmağa çalışdığı danışıqlar dövrünü xatırladır. Bunun nəticəsi nə idi? Nəticə döyüş meydanında və siyasi arenada total məğlubiyyət idi. Nəticə bu idi ki, erməni ideoloji əsasları tamamilə dağıdıldı”, - dövlət başçısı qeyd edib.