Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisin mərkəzində Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə təmsil olunur.
“Grand Palais Ephemere”də keçirilən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendinin açılışı olub. Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilir.
İncəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. Od Taon Fransa İncəsənət Atelyesi Federasiyası tərəfindən təşkil olunan dekorativ incəsənətə dair digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik daşıyıcılarıdır”, - deyə O.Taon geniş bədii miqyasa malik belə yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət dialoqu məkanı olduğunu bildirib.
“Burada nümayiş etdirilən “Gündüz və gecə “ əsərinin hələ şəklini görəndə heyran olduq, əsərin özünü görmək və onun hansı materialdan hazırlanması ilə çox maraqlandıq. Bu gün bu əsər salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər vasitəsilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”,-deyə Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti diqqətə çatdırıb.
Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə” instalyasiyasının ikili xarakter daşıdığını deyərək, onun interaktiv olduğunu vurğulayıb. Bildirib ki, ziyarətçilər instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə çevrilərək, onu daha dərindən hiss edəcəklər.
“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik tullantılar ilə mübarizə məsələsinə diqqəti cəlb edir.