Ceyhun Bayramov FAO-nun baş direktoru ilə görüşüb

 

Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Qu Donqyunu salamlayaraq ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əmədaşlığa hər zaman önəm verdiyini vurğulayıb.

Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini bildirən nazir, bu müddət ərzində Azərbaycan və FAO arasında qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırdığı ifadə edilib.

Baş direktor Qu Donqyu Azərbaycanda olmaqdan və ölkə rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlərdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olduğunu vurğulayıb. Baş direktor kənd təsərrüfatı sahəsində rəqəmsal keçid, innovasiyaların tətbiqi, fermerlərin təhsili kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri, o cümlədən kənd təsərrüfatı, alternativ enerji sahələrində aparılan işlər və bu ərazilərdə tətbiq edilən “ağıllı kənd” konsepsiyası barədə məlumat verib. Nazir, bərpa və quruculuq prosesində BMT-nin ixtisaslaşmış qurumları ilə yaxşı əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.

Baş direktor Qu Donqyu FAO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Görüşdə aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, tədqiqat-inkişaf (R&D) layihələri, habelə kənd yerlərinin rəqəmsal inkişafı mövzusunda ətraflı müzakirələr aparılıb, bu sahələr üzrə Azərbaycan və FAO arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

2022-05-06 / 17:19
Facebook