Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.
Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib. Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.
Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər. Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.
Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir.
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılan pavilyonlar da fərqli formatdadır. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdirilir. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim edilir. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.
Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir. Tədbir günlərində “Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edir. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılır və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdirilir. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunur.
Festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunur. Tədbir çərçivəsində Şuşada Azərbaycan rəssam və heykəltaraşlarının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilir. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.