Jirinovski Naxçıvanı “erməni torpağı” adlandırdı, Bakıdan ona Məhərrəm Əliyev cavab verdi

 

Məhərrəm Əliyev: Bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz

Qalmaqallı bəyanatları ilə tanınan rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edərək Naxçıvanı “erməni torpağı” adlandırıb. Jirinovski bu haqda jurnalist Roman Qolovanova müsahibəsində danışıb.

Bakıdan isə ona prezidentin hərbi məsələlər üzrə köməkçisi, general-polkovnik Məhərrəm Əliyev cavab verib. O, sia.az saytına müsahibəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır və heç bir qərəzli mövqe, yanlış, əsassız fikir, qeyri-ciddi münasibət bu faktı kölgə altında qoya bilməz.

“Onu da qeyd edim ki, Vladimir Jirinovski ümumiyyətlə müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü “şərqşünas” qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır. Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz»,-Əliyev belə deyib.

Məhərrəm Əliyevin fikrincə, Jirinovskinin fikirlərinə diqqət yetirərkən, onun Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Naxçıvana qarşı qərəzli, qeyri-peşəkar mövqe sərgiləməsindən təəssüf hissi keçirir.

“Hesab edirəm ki, RLDP rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalnız Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələr qarşısındakı uğursuz piar kampaniyasıdır. Yəni onun Naxçıvan barədə danışdıqları da birbaşa yalanlar üzərində qurulmuş riyakarlıqdır. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur”,-Azərbaycan prezidentinin köməkçisi belə deyib.

 

O, əlavə edib ki, Jirinovskinin  Naxçıvanı “erməni ərazisi kimi” təqdim etməsi heç bir elmi – tarixi əsası olmayan uydurma, əfsanədir: “Əminəm ki, tarixçilərin, eləcə də bir çox nüfuzlu tarixi mənbələrin Naxçıvan haqqında verdikləri elmi arayışlardan xəbəri olan Jirinovski bu faktları yaxşı bilir, sadəcə ermənilərin sifarişləri qarşısında bu cür səbatsız fikirləri ilə sözün əsl mənasında, siyasi rola girir. Bu, onun ilk belə rolu deyil və daha əvvəllər də bənzər halların şahidləri olmuşuq. Əgər o həqiqətən də özünü “şərqşünas” kimi təqdim edibsə, yenə də bu məsələdə ciddi yanlışlığa yol verib, xüsusilə şərqşünaslıq elminin adına ləkə vurmağa çalışıb. Çünki bildiyimiz kimi, ermənilər Qafqaza və Anadoluya gəlmələrdirlər, bunu isə tarixi faktlar isbat edir. Bəllidir ki, VI-VII əsrlərdə Qafqazda, eyni zamanda, Şərqi və Naxçıvan Anadoluda erməni mənşəli heç bir iz, nişanə belə mövcud olmayıb. Mən tarixçi deyiləm, amma buna baxmayaraq, nəinki Naxçıvanın, o cümlədən Azərbaycanın tarixi barədə kifayət qədər məlumatlıyam. Məsələn, İrəvan xanlığının və xanlıq ətrafının, həmçinin Zəngəzur mahalının qədim Azərbaycan torpaqları olması bütün tarixi aspektlərdən özünü sübuta yetirib. Ona görə də, bəzi məkrli siyasətçilər düşünməməlidirlər ki, onlar bənzər fikirləri ilə Azərbaycanın tarixini saxtalaşdırıb beynəlxalq aləmi çaşdıra bilərlər. Bu, heç də belə deyil”.

 
2020-09-02 / 17:17
Facebook