Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

 

 

Azərbaycanda sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək.

Uşaq bağçaları

Uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-də əyani formada davam edəcək. Bu qərar noyabrın 2-nə qədər qüvvədə olacaq, sonrakı mərhələdə respublikadakı epidemioloji vəziyyət nəzərə alınaraq qərar veriləcək.

 

Məktəbəqədər təhsil və icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyətinin təşkili

Məktəbəqədər qruplarda təhsil oktyabrın 1-dən həftədə iki dəfə olmaqla əyani aparılacaq. Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

Ümumi təhsil

İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.

5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.

Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.

Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

Xüsusi və internat tipli təhsil müəssisələri

Xüsusi tipli təhsil müəssisələrinin və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yerləşdiyi internat məktəblərinin fəaliyyəti sentyabrın 15-dən mərhələlərlə əyani formada bərpa ediləcək.

Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

Peşə təhsili

Sentyabrın 15-dən etibarən peşə məktəblərinin şagirdləri üçün dərslər distant formatda başlayacaq. Oktyabrın 1-dən etibarən qısa müddətli kurslar və praktik məşğələlərin tədrisinin əyani formada təşkili planlaşdırılır.

Oktyabrın 15-dən etibarən epidemioloji vəziyyətdən asılı olaraq qrupların sayı artırıla bilər.

Ali və orta ixtisas təhsili

Ali təhsil müəssisələrinin tələbələri sentyabrın 15-dən onlayn formatda distant təhsilə başlayacaq.

Eyni zamanda, oktyabrın 1-dən etibarən birinci kurs tələbələri üçün növbəli əsasda sənəd qəbulu və ali təhsil müəssisələri ilə tanışlıq sessiyaları təşkil ediləcək. Digər tələbələr isə təhsilə distant formada davam edəcək.

15 oktyabrdan müvafiq ixtisaslar üzrə razılaşdırılmaqla qismən əyani təhsil təşkil ediləcək. Digər bütün tələbələr distant formada tədrisə davam edəcək.

Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar respublikadakı epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.

2020-08-28 / 17:53
Facebook