ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc

 
 
Azərbaycandan fərqli olaraq ABŞ silahlı qüvvələrində əsgəri xidmət könüllüdür. Burada yalnız vətəndaşlar, eləcə də bu ölkədə yaşamaq hüququ olan kişi və qadınlar xidmət edə bilərlər. Hərbi xidmətin müddəti müqavilə əsasında iki ildən altı ilədək təyin olunur.
Ümumiyyətlə, ABŞ-da ordu beş hissədən ibarətdir: US Army- klassik ordu, US Air Force- hərbi hava qüvvələri, US Navy- hərbi dəniz qoşunları, US Marine Corps- dəniz piyadaları və US Coast Guard- sahil mühafizə xidməti. Hərbi xidmət üçün yaş həddi isə müxtəlifdir. Məsələn, klassik orduda 18 yaşdan 42-yə qədər, sahil mühafizə xidmətində 27 yaşa qədər, dəniz piyadaları qoşunlarında 32 yaşa qədər, hərbi dəniz qüvvələrində isə 35 yaşa qədər könüllülər müraciət edə bilər. Yalnız hüquqşünas və həkimlər üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb. 
Bu gün sizə ABŞ silahlı qüvvələrində xidmət edən bir gənc soydaşımızdan söhbət açmaq istəyirəm. Adı Pərviz, soyadı Qocayevdir. 1996-cı ildə Bakıda anadan olub. 2009-cu ildə yeddinci sinifi 7 nömrəli orta məktəbdə bitirdikdən sonra ABŞ-ın İndiana ştatının İndianapolis şəhərinə gəlib. 2015-ci ildə tam orta təhsilini bu şəhərdə aldıqdan sonra bir müddət telefonların satışı dükanında çalışıb. 2016-cı ildə isə könüllü olaraq ABŞ silahlı qüvvələrində xidmətə başlayıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra Kaliforniyadakı hərbi tibbi bazaya göndərilib. İki il yarımdır ki, tibbi ləvazımatların, eləcə də dərman peraparatlarının qeydiyyatdan keçməsi və nəzarəti ilə məşğul olan hərbi bazada xidmət edir. ABŞ ordusunun serjantıdır. Yeri gəlmişkən, amerikalılar arsında serjant ordunun onurğa sütünü sayılır. 

Deyir ki,- “Müqaviləm bitdikdən sonra ordudan uzaqlaşıb, təhsilimi davam etdirmək, avtomobil dizayneri ixtisasına yiyələnmək istəyirəm. Bu mənim ən böyük arzumdur”. 
Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. İdmanın ağır atletika növü ilə məşğul olmağı xoşlayır. Kompyuter elmləri haqqında kitabları oxumaqdan yorulmur. Kompyuterin 3D proqramında avtomobillər hazırlamaq isə əsas hobbisidir. 

Pərviz hələ gəncdir, cəmi iyirmi üç yaşı var. Bu gənc soydaşımızdan ciddi nizam-intizam tələb olunan və döyüş hazırlığı təlimləri ilə insanı fiziki yükləyən bir orduda necə qərar tutduğunu soruşanda, əsl hərbçilərə xas olan qürurla əsgər salamı verərək söylədi:- “Ser, mən azərbaycanlıyam. Qoy amerikalılar mənim timsalımda şahid olsunlar ki, hər bir azərbaycanlı döyüşçü kimi, ən ağır sınaqlardan çıxmağa qadirdir”. 
2019-06-28 / 11:35
Facebook