“Yeddi nəfər yoldaşıyla birlikdə son nəfəsinədək döyüşərək şəhid olub...”- Qrup komandiri...
Bu gün 2016-cı il şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Vəfadar oğlu Abidovun doğum günüdür. B.Abidov 1992-ci il mayın 3-də Şabran rayonunun Zeyvə kəndində anadan olub.
Şəhidimiz qrup komandiri, aprel qazisi, kapitan Elşad Haşımov açıqlamasında bildirdi ki, Babək çox vətənpərvər bir hərbçi olub. O, həmişə komandanlıq tərəfindən verilən əmri layiqincə yerinə yetirib:
“Beş il Babəkin qrup komandiri olmuşam. Babək çox vətənpərvər bir hərbçi idi. Ona komandanlıq tərəfindən verilən əmri həmişə layiqincə yerinə yetirib. O, elə bir adam idi ki, əgər döyüşdə ona geri qayıt!-əmri verilməsəydi, son nəfəsinə qədər döyüşürdü. Elə aprel döyüşlərində də elə oldu. Aprelin 2-də Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralandım və ərazidən təxliyyə olundum. Aprelin 3-də isə Babək yeddi nəfər döyüşçü yoldaşıyla birlikdə postda son nəfəsinədək döyüşərək şəhid olub. Babək elə öz adına layiq bir qəhrəman idi. Allah bütün şəhid qardaşlarımızı rəhmət eləsin. Bu gün İnşallah döyüşçü yoldaşlarımızla birlikdə Babəkin ata evinə yola düşəcəyik”.