Təhsil naziri Ceyhun Bayramov 10 il bundan əvvəl ADNA-da baş verən terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb.
Bununla əlaqədar ali təhsil müəssisəsinə gedən Təhsil naziri təhsil ocağının dəhlizində hadisə ilə əlaqədar qoyulan barelyefə baxış keçirib, terror nəticəsində həlak olan tələbələrin valideynləri ilə görüşüb.
Nazir şəxsi feysbuk səhifəsində hadisə ilə əlaqədar başsağlığı da verib. Başsağlığında deyilir:
"Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir.
İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm.
Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir".